EN

Müasir ailələr niyə 1-2 uşaqla kifayətlənir? - AÇIQLAMA

"Müasir ailələr uşaq dünyaya gətirmək istəmirlər, bu tendensiya son dövrlər demək olar ki, bütün ölkələrdə müşahidə olunur. Bu seçim yeni dövrün gətirdiyi həyat tərzi, dəyişən sosial davranışlar və formalaşan yeni psixologiya ilə bağlıdır. Artıq insanların həyat kriteriyaları dəyişib: çoxları yalnız öz rahatlığına üstünlük verir, əlavə məsuliyyətə girmək istəmir, bir və ya bir neçə uşaq böyütməyi yük kimi qəbul edir. Onlar daha çox sərbəst yaşamaq, əyləncəyə və şəxsi zamanlarına fokuslanmaq istəyirlər. Uşaq böyütmək müəyyən öhdəlik və məsuliyyət tələb etdiyi üçün bir çoxları bundan qaçmağa çalışır".

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Missiya.Az-a açıqlamasında bildirib ki, məsələyə sosial səbəblər də təsir göstərir:"Az təminatlı ailələr maddi çətinliklərə görə çoxuşaqlılığa maraq göstərmirlər. Lakin tarixə və dünyanın müxtəlif ölkələrinə baxsaq, görərik ki, insanlar heç vaxt yalnız imkanlı olduqları dövrlərdə uşaq dünyaya gətirməyiblər. Hətta bu gün də dünyanın böyük hissəsində insanlar yüksək rifah şəraitində yaşamırlar, amma ailə qurub övlad sahibi olurlar. Deməli, məsələ yalnız maddiyyatda deyil. Burada əsas problemlərdən biri milli-mənəvi dəyərlərimizin arxa plana keçməsi və yad həyat tərzlərinin, yad dəyərlərin sürətlə qəbul edilməsidir. Bu da gənc nəsildə uşaq dünyaya gətirməyə marağın azalmasına səbəb olur. Artıq bir çox ailələr bir uşaqla kifayətlənir, bəzən iki uşaqla, hətta elə ailələr var ki, evlənib, ümumiyyətlə övlad sahibi olmurlar. Bu isə doğru yanaşma deyil və cəmiyyətin demoqrafik vəziyyətinə ciddi təsir göstərir",- sosioloq qeyd edib.

Sosioloqun sözlərinə görə, əhalinin azalması, yaşlanması, işçi qüvvəsinin zəifləməsi kimi proseslər gələcəkdə sosial-iqtisadi problemlər yarada bilər. Dünyanın bəzi ölkələrində, məsələn Yaponiyada bu vəziyyət artıq reallıqdır: yaşlıların sayının artması sosial yükü ağırlaşdırır, iqtisadi aktivliyi azaldır və dövlət üçün çətinliklər yaradır. Ona görə də cəmiyyətin yenilənməsi üçün yeni nəsil doğulmalı, demoqrafik balans qorunmalıdır. Bizdə hələ vəziyyət kritik deyil, amma milli dəyərlərdən uzaqlaşmaq və “yalnız özün üçün yaşa” prinsipi geniş yayılarsa, uzunmüddətli nəticələr xoş olmayacaq. Valideyn olmaq üçün mütləq yüksək maddi imkan tələb olunmur. Heç bir dövrdə belə bir qanun olmayıb. İnsanlar aşağı-yuxarı şərtlərlə yaşayır və uşaqlarını böyüdə bilirlər. Əsas odur ki, hər ailədə ən azı bir-iki uşaq dünyaya gəlsin; imkanı daha yaxşı olan ailələrdə isə üç-dörd uşaq olması demoqrafik tarazlığı qorumağa kömək edər.

"Bu istiqamətdə həm media, həm ictimai institutlar, həm də dövlət birgə şəkildə maarifləndirici işlər aparmalıdır. Dövlətin stimullaşdırıcı addımları da əhəmiyyətlidir. Bir çox ölkələrdə çoxuşaqlılığa sosial dəstək paketləri tətbiq olunur. Bizdə də müəyyən mexanizmlər mövcuddur, lakin müasir dövrün reallıqlarına uyğun olaraq əlavə tədbirlər görülə bilər. Məsələn, hazırda çoxuşaqlı ailə statusu beş uşaqdan başlayır, amma təklif olunur ki, bu hədd üç uşağa endirilsin. Çünki bu gün ailələrin beş-altı uşaqlı olması nadir hallardır, amma üç uşaqlı ailələri dəstək qrupu kimi stimullaşdırmaq mümkündür. Maraqlısı budur ki, hətta yüksək imkanlı ailələr arasında da uşaq istəməyənlər çoxdur. Onlarda maddi səbəb yoxdur, bu artıq psixoloji və mənəvi dəyərlərin zəifləməsi ilə bağlıdır. Buna görə də həm maddi dəstək (az təminatlı ailələr üçün), həm də maarifləndirmə və təbliğat (təminatlı ailələr üçün) paralel aparılmalıdır. Nəticə olaraq, normal ailə modelində heç olmasa iki-üç uşaq dünyaya gəlməlidir ki, öz varlığımızı, davamlılığımızı qoruya bilək, demoqrafik azalma ilə üzləşməyək. Əgər cəmiyyət, dövlət, media və ictimai qurumlar bu sahədə birlikdə çalışsa, gələcəkdə ciddi problemlərin qarşısı alınar",-deyə Elçin Bayramlı əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
10
missiya.az

1Sources