Ukraynanın prezidenti Volodimir Zelenski London’da Avropa liderləri ilə keçirilən görüşdən sonra bildirib ki, tərəflər təhlükəsizlik zəmanətləri və Ukraynanın bərpası ilə bağlı ümumi mövqeyi uzlaşdırıblar.
Vətəninfo.az xəbər verir ki, bu barədə dövlət başçısı Zelenski X sosial şəbəkə hesabında yazıb.
Zelenskinin sözlərinə görə, hazırda əsas məsələ Ukrayna ilə Avropa arasında, həmçinin Avropa, Ukrayna və ABŞ arasında birliyin qorunub saxlanılmasıdır.
Prezident qeyd edib ki, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers ilə keçirilən görüşdə ABŞ-la diplomatik fəaliyyət də ətraflı şəkildə müzakirə olunub.
“Təhlükəsizlik zəmanətləri və bərpa prosesinin əhəmiyyəti barədə ümumi mövqeyə gəldik, növbəti addımları razılaşdırdıq. Bundan əlavə, Ukraynanın müdafiəsinin dəstəklənməsi məsələsi ayrıca gündəmdə idi”, – deyə Zelenski vurğulayıb.