Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorialının açılış mərasimi keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, Konqres Mərkəzində keçirilən turnir, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə baş tutub.
Bildirilir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Memorialın tarixi və coğrafiyası ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonra Vüqar Həşimovun atası, Memorialın Təşkilat Komitəsinin sabiq sədri, bu ilin yanvar ayında faciəvi hadisə nəticəsində vəfat edən Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov öz çıxışında bildirib ki, qısa müddət ərzində Xankəndi şəhəri beynəlxalq tədbirlərin və idman yarışlarının keçirildiyi mühüm mərkəzə çevrilib:
“Belə turnirlərin təşkili də ölkəmizdə şahmata verilən yüksək dəyərin göstəricisidir”.
S.Qəhrəmanov Qarabağın tarixən Azərbaycan mədəniyyətinin beşiyi olduğunu və bölgədə şahmat ənənələrinin xüsusi yer tutduğunu vurğulayaraq, Memorialın Xankəndidə keçirilməsinin həm simvolik, həm də strateji əhəmiyyət daşıdığını qeyd edib.
O, Xankəndi və işğaldan azad edilmiş digər ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı, sakinlərin doğma torpaqlara qayıtdığı, məşğulluq məsələlərinin həllinə xüsusi diqqət yetirdiyi, sahibkarlar üçün əlverişli iqtisadi mühit yaradıldığı barədə də tədbir iştirakçılarına məlumat verib.
Bildirib ki, vergi güzəştləri və digər stimullaşdırıcı mexanizmlər, bölgəyə investisiya qoyuluşunu daha da sürətləndirir.
Daha sonra çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Vüqar Həşimov Memorialının Azərbaycan şahmatının inkişafına verdiyi töhfələrdən bəhs edib.
O, yarışın Xankəndidə keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin indiki sədri Sərxan Həşimov da turnirin Xankəndidə təşkilini tarixi hadisə adlandırıb.
Qeyd edək ki, yarışda altı beynəlxalq qrossmeyster rapid və blits üzrə iki dövrəli sistemdə mübarizə aparır. Turnirin iştirakçıları arasında FIDE təmsilçisi Yan Nepomnyaşiy, Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan) və Azərbaycanın güclü şahmatçıları Rauf Məmmədov və Aydın Süleymanlı yer alır.
Turnirə dekabrın 11-də yekun vurulacaq.
Xatırladaq ki, Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə keçirilib. 2023-cü ildən isə turnir FIDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.