ABŞ Prezidenti Donald Tramp “Politico” jurnalına verdiyi 40 dəqiqəlik müsahibədə Ukraynadakı müharibə, ABŞ-ın münaqişəni nizamlaması cəhdləri və Volodimir Zelenski barədə fikirlərini səsləndirib.
KONKRET.az xəbər verir ki, müsahibənin əvvəlində Ağ Evin rəhbəri Ukraynadakı müharibəni “böyük problem” adlandırıb və növbəti dəfə bildirib ki, əgər o yenidən prezident seçilməsəydi, bu problem daha da böyüyə, hətta Üçüncü Dünya müharibəsi başlaya bilərdi.
Bundan sonra Tramp münaqişənin nizamlanması mövzusuna keçib. O, xüsusən bazar günü səsləndirdiyi fikri təkrarlayıb: Volodimir Zelenski hələ də müharibənin bitirilməsi planının mətni ilə tanış olmayıb.
“Əgər onlar razılaşmaları, potensial razılaşmaları oxumurlarsa, bilirsiniz, bu, Rusiya ilə asan deyil. Çünki Rusiyanın üstünlüyü var və həmişə də olub. Onlar daha böyükdür, bu mənada daha güclüdürlər”, — deyə Tramp bildirib.
Bununla belə, o əlavə edib ki, Ukrayna xalqına və Ukrayna Silahlı Qüvvələrinə onların cəsarəti və mübarizəsinə görə böyük hörmət bəsləyir:
“Amma müəyyən bir məqamda ölçülər adətən həlledici olur”.
“Politico” müxbiri Trampdan Avropanın Kiyevi müharibədə qələbə qazanana qədər dəstəkləmək niyyətlərinin nə dərəcədə real olduğunu soruşub. ABŞ Prezidenti buna cavab olaraq bildirib ki, “Avropa bir çox məsələ üzrə öz işinin öhdəsindən pis gəlir”.
“Amma onlar nəticə əldə etmirlər. Biz Ukraynadan danışırıq. Onlar danışırlar, amma nəticə yoxdur. Müharibə isə davam edir”, — deyə Ağ Evin rəhbəri yekunlaşdırıb.
Jurnalistin Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatıb-çatmadığı sualına Tramp belə cavab verib:
“Bəli, məncə, vaxtıdır. Düşünürəm ki, indi seçkilərin keçirilməsi vacibdir. Onlar müharibədən istifadə edərək seçkiləri keçirmirlər, amma, məncə, Ukrayna xalqı… xalqın belə bir seçimi olmalıdır”.
Onun sözlərinə görə, Ukraynada “demokratiyadan danışılır, amma iş praktikaya gələndə bu artıq demokratiya olmur”.
Rəsmiyyə Şərifova,
KONKRET.az