EN

Azərbaycan səhiyyəsi 33 yaşlı gənci belə “öldürdü” – Kardiologiya İnstitutundan ŞİKAYƏT – AÇIQLAMA

08.12.2025-ci il tarixində Akademik C. Abdullayev adına Elmi -Tədqiqat Kardiologiya institutunda gənc xəstənin ölümü faktı qeydə alınıb.
 
20.02.1991 – ci il təvəllüdlü Vüsal İsayev ürəyində kəskin ağrılarla özünü Kardiologiya institutuna çatdırıb. Ona infarkt və kəskin ürək çatışmazlığı diaqnozu qoyulub.
Lakin reanimasiyada xəstə süni tənəffüs aparatına qoşulmayıb.
NOCOMMENT.az medicina-ya istinadən xəbər verir ki, xəstənin yaxını, jurnalist Tural Özan onun həyatını xilas etmək üçün xəstəxana axtarışına çıxsa da, nəticəsiz qalıb. O, xəstənin ölümündə səhiyyə sistemini günahlandırır.
“Bir neçə dəqiqə əvvəl Azərbaycan səhiyyəsi 33 yaşlı gənc oğlanı öldürdü . Bəli, etinasızlıqdan öldü.
Azərbaycanın o boyda Kardiologiya institutunun reanimasiyasında traxeostomiya edib, süni tənəffüs aparatına qoşmaq üçün şəraitləri yoxdur.
Baş həkimə deyirəm şəraitiniz bərbaddırsa, transfer edək başqa yerə, üzümə baxır deyir : “xəstəxanaları siz razı salın, biz göndərək”.
Tural Ozanın saytımıza açıqlamasına görə, əsl həngamə bundan sonra başlayıb. O, xəstəni təxliyə etmək istəsələr də də buna nail ola bilməyib.
“Yeni klinikaya aparılması üçün müraciət etdik, şəxsən mən baş həkim Barat Yusubova zəng etdim , amma o, telefonuma geri dönüş etmədi. Daha sonra xəstəxananın mətbuat xidmətindən bildirdilər ki, yerimiz yoxdur.
Təsəvvür edirsiz, Azərbaycanın bir nömrəli xəstəxanası, nəhəng Yeni Klinikanın reanimasiyasında yer yoxdur. Hansı k,i Covid dönəmində , yüzlərlə xəstəni eyni anda qəbul etmək üçün yaradılmışdı. Ölkə rəhbərliyinin qarşısında bir dəfə məsuliyyət götürmüşdülər , birinci dəfə korrupsiya ilə batırdılar, indi də belə…
Daha sonra səhiyyə nazirliyinin tabeliyində olan Bakı Sağlamlıq Mərkəzinə üz tutduq, onlar da 5-10 min manat depozit istədilər, daha sonra Neftçilər xəstəxanası dedi yerimiz yoxdur . Bu ölkədə səhiyyənin hal hazırda gəldiyi durum budur .
O cavan oğlan isə bir neçə dəqiqə əvvəl vəfat etdi . Bütün məsuliyyət və günah Azərbaycan Respublikası Səhiyyə Nazirliyi , TƏBİB , ETİ Kardiologiya İnstitutu, Yeni Klinikanın rəhbəri Barat Yusubov – sizdədir .Mən ailəyə nə qədər kömək etməyə çalışsam da, imkanlarımdan və əlaqələrimdən bu dəfə istifadə edə bilmədim. Və buna görə özümü də günahkar hiss edirəm, bəs sizin vicdanınız sızladımı?”.
Məsələ ilə bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsinə sorğu göndərdik.
 
Mərkəzin açıqlamasında bildirilib ki, 33 yaşlı Vüsal İsayev müəssisəyə son dərəcə ağır aqonal vəziyyətdə – huşu bağlı, təzyiqi ölçülə bilməyən və kəskin ürək çatışmazlığı əlamətləri ilə daxil olub.
“Gətirildiyi andan etibarən xəstəyə təcili reanimasion tədbirlər, kliniki protokollara uyğun diaqnostik və həyati vacib prosedurlar tətbiq edilib.
Qeyd edək ki, mərhumda 3 il əvvəl başqa bir mərkəzdə ürəkdaxili defibrilyator (ICD) implantı qoyulub ki, bu da xəstədə qəfil ürək dayanması riskinin əvvəldən yüksək olduğunu göstərirdi.
Xəstənin vəziyyəti geri dönüşü olmayan mərhələdə olduğu üçün aparılan intensiv tibbi müdaxilələrə baxmayaraq, vəziyyəti stabilləşdirmək mümkün olmayıb.
Mərhumun yaxınlarının səsləndirdiyi iddialarla bağlı bildiririk:
– Traxeostomiya və ya digər invaziv müdaxilələrin aparılması üçün tibbi göstəriş olmayıb – aqonal vəziyyətdə bu prosedurlar effekt vermir.
– Xəstəxanada çərpayı sayına uyğun olaraq suni tənəffüs aparatı mövcuddur lakin xəstəyə suni tənəffüs aparatına ehtiyyac yox idi, xəstənin saturasiyası 90-95 idi, xəstədə çoxorqan çatışmazlığı əlamətləri və qəfləti ürək dayanması olmuşdur.
Xəstənin başqa klinikaya köçürülməsi həyati göstəricilərin kritik olması səbəbindən tibbi cəhətdən mümkün deyildi.
Xəstənin reanimasiyada yalnız “yatızdırılması” iddiası həqiqətə uyğun deyil – bütün reanimasion tədbirlər protokollara uyğun şəkildə icra olunub.
Məsələyə hüquqi müstəvidə qiymət verilməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət oluna bilər”.
Chosen
22
3
nocomment.az

5Sources