EN

AMADA-nın icraçı direktoru: Süni intellekt qlobal antidopinq sistemində yeni alətə çevrilir — MÜSAHİBƏ

Bakı, 10 dekabr, Pərvana Qafarova, foto Nicat Haşımov, AZƏRTAC

Sürətli rəqəmsallaşma dövründə antidopinq sistemi ciddi transformasiya dövrü yaşayır və süni intellekt onun yeni strateji alətinə çevrilir.

AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə rəqəmsal texnologiyaların tətbiqi, süni intellektin yaratdığı risklər, idmançıların şəxsi məlumatlarının qorunması, eləcə də süni intellektin Azərbaycanda testdən keçmə, analitika və antidopinq təhsili sahələrinə inteqrasiyası barədə danışıb.

AZƏRTAC müsahibəni təqdim edir.

– WADA və digər beynəlxalq qurumların süni intellektdən istifadə təcrübəsinə əsaslanaraq, AMADA bu gün hansı rəqəmsal yenilikləri tətbiq edir və yaxın gələcək üçün hansı planlar mövcuddur?

– Bu gün AMADA artıq testdən keçirmə, müxtəlif dərman preparatlarının terapevtik istifadəsi barədə məlumatların effektiv şəkildə işlənməsi üçün bir sıra rəqəmsal texnoloji həllərdən istifadə edir. Biz qlobal sistemlərdə də işləyirik. Bunlara keçid sənəd dövriyyəsi, daxili rəqəmsal sənəd dövriyyəsi daxildir. Biz, həmçinin WADA-nın ADAMS adlı qlobal sistemindən istifadə edirik və bu sistem sübutlara əsaslanan əsaslandırılmış qərarlar qəbul etməyə imkan verir.

Növbəti addım daha təkmil məlumat analitikasına keçiddir. Testdən keçirmənin planlaşdırılması zamanı riskyönümlü analitika aparmağı planlaşdırırıq. Bilirsiniz ki, dopinq testlərini müxtəlif idman növlərində mövcud risklərə əsasən aparırıq. Daha sonra xüsusi model hazırlamağı düşünürük. Bu model idmançıların bioloji göstəricilərində qeyri-tipik dəyişiklikləri aşkar etməyə, həmçinin rəqəmsal panellərdən istifadə etməyə imkan verəcək.

Bu istiqamətlərin hər biri üzrə biz qismən rəqəmsal platformalardan istifadə edirik. Bu layihələr pilot statusu aldıqda və məhdud məlumat bazasında metodikaları sınaqdan keçirməyə imkan verdikdə, biz həmin layihələrin genişləndirilməsinə keçməyi planlaşdırırıq. Daha sonra metodika tam dəqiqləşdiriləndən sonra biz onu daha genişmiqyaslı layihələrdə tətbiq edə bilərik.

Son zamanlar WADA-nın və digər ölkələrin beynəlxalq antidopinq agentliklərinin rəqəmsal texnologiyalar və süni intellekt sahəsində əldə etdikləri nailiyyətləri diqqətlə izləyirik. Amma qeyd etməliyəm ki, AMADA-nı süni intellektin antidopinq təhsilində tətbiqi üzrə xüsusi seminar keçirmək üçün dəvət etmişdilər. Çünki, biz bu sistemi ilk tətbiq edənlərdən olmuşuq. Bu seminarı keçirdik və antidopinq fəaliyyətinin müxtəlif sahələrində süni intellektdən istifadənin təkmilləşdirilməsi istiqamətində addımlarımızı davam etdiririk.

Antidopinq fəaliyyətində süni intellektdən istifadə təcrübəmizi bölüşərkən, həmçinin bildirdik ki, Paris Olimpiadası zamanı AMADA AZ adlı xüsusi platforma yaratmışdıq. Bu platforma Azərbaycan yığma komandasının idmançılarında yaranan suallara onlayn formatda dərhal cavab verməyə imkan verirdi. İdmançılar, şəxsi heyət, həkimlər və məşqçilər arasında antidopinq mövzusunda yaranan bütün suallara onlayn şəkildə ani cavab təmin olunur. Bu proqramı test etdik, həmçinin çat-bot yaratdıq və müsbət və mənfi tərəfləri müəyyənləşdirdik.

Platformada hüquqi blok istisna olundu, çünki süni intellekt bəzən halüsinasiyalar verir və bot təsadüfən yanlış hüquqi cavab təqdim edə bilərdi ki, bu da idmançıların hüquqlarının pozulmasına səbəb ola bilərdi. İstənilən elmi prosesdə mənfi nəticə də nəticədir. Bu, layihə gələcəkdə səhvlərdən yayınmağa kömək edir.

– Süni intellektin tətbiqi antidopinq nəzarətində insan faktorunun təsirini minimuma endirə bilərmi? Bu prosesdə hansı hüquqi və etik risklər yaranır?

– Doğrudur, süni intellekt xüsusilə də mütəxəssisdən çox böyük məlumat massivlərinin – analiz nəticələrinin, idmançının bioloji pasport göstəricilərinin, idman nəticələrinin, yarış təqvimlərinin işlənməsi tələb olunduğu hallarda insan faktorunun təsirini xeyli azalda bilər. Alqoritmlər idmançının testdən keçirilməsi üçün seçilməsində subyektivliyi azaltmağa, insan gözünün görə bilməyəcəyi qanunauyğunluqları aşkar etməyə, dopinq nəzarəti üçün resursları daha səmərəli bölüşdürməyə imkan verir.

Lakin bununla yanaşı hüquqi və etik risklər də mövcuddur. Birincisi, əgər ilkin məlumatlar düzgün deyilsə, idman növü, idmançının cinsi, region və sair kimi meyarlar üzrə ayrı-ayrı qruplara qarşı diskriminasiya təhlükəsi yarana bilər. İkincisi, şəffaflıq məsələsidir, yəni idmançı bilməlidir ki, nə üçün risk qrupuna düşüb. Üçüncüsü – şəxsi və biometrik məlumatların qorunması, təqsirsizlik prezumpsiyasının və müdafiə hüququnun təmin edilməsi.

Hətta süni intellektdən istifadə olunduğu halda belə, insan nəzarəti və ciddi monitorinq mütləqdir. Alqoritmlərin müntəzəm auditi zəruri şərtdir. Süni intellekt məsul şəxslərin hüquqi qərarlarını əvəz edə bilməz, o yalnız alət ola bilər.

Dopinq mövzusu ətrafında belə bir stiqma yaranıb ki, guya dopinq yalnız steroid istifadəsidir. Əslində isə, Ümumdünya Antidopinq Agentliyinin Məcəlləsinə baxsaq, dopinqin dəqiq tərifi verilib. Dopinq – 11 antidopinq qaydasından hər hansı birinin pozulmasıdır. Bu isə yalnız qadağan olunmuş preparatların və metodların tətbiqi deyil. Antidopinq qanunvericiliyinin pozulmasının digər aspektləri də mövcuddur.

Xüsusi vurğulamaq istədiyim bir məsələ var. Bu, idmançıların yerləşdikləri məkan barədə məlumat təqdimetmə qaydalarının pozulmasıdır. Nədənsə bu qayda bizim idman federasiyalarının diqqətindən çox vaxt yayınır. Belə risklərin qarşısının alınması üçün insan nəzarəti prinsipinin təmin edilməsi vacibdir. Süni intellektin bizə təqdim etdiyi məlumatları mütləq monitorinq etməliyik. Bu isə yalnız gündəlik işimizdə istifadə olunan bütün süni intellekt modellərinin müntəzəm auditi ilə mümkündür.

– Bir sıra ölkələrdə artıq süni intellekt əsasında yaradılan dopinq risklərinin xəritələri istifadə olunur. AMADA belə bir texnologiyanı tətbiq etməyi planlaşdırırmı?

– Bəli, sözsüz. Dopinq risk xəritələri süni intellekt modellərinin tətbiqi ilə dünyada geniş istifadə edilməyə başlayıb və ən perspektivli alətlərdən biridir. Bu təcrübəni diqqətlə öyrənirik və sistemli tətbiqdən əvvəl pilot layihə həyata keçirməyi planlaşdırırıq.

Biz ənənəvi olaraq riskin yüksək olduğu idman növlərindən başlayacağıq: güləş, ağır atletika, boks, cüdo və digər bəzi növlər. Statistik cəhətdən dolğun təhlil üçün kifayət qədər geniş məlumat bazası lazımdır. Azərbaycan üçün milli idman növlərinin spesifikasını, yarış təqvimini, hazırlıq xüsusiyyətlərini nəzərə almaq mühümdür. Risk xəritəsi ayrı-ayrı idman növlərinin stiqmatizasiyasına çevrilməməlidir.

WADA hər il “Risk Assessment” risklərinin qiymətləndirməsini aparır və ölkələr metodikaları öz reallıqlarına uyğunlaşdırırlar. Bizdə risk reytinqi qlobal göstəricilərdən bir qədər fərqlənir: birinci yerdə güləş, sonra boks, ağır atletika, taekvondo və yalnız bundan sonra cüdo gəlir. Bu mənzərə əsasında milli testdən keçirmə planını hazırlayırıq.

– İdmançıların məlumatlarının təhlükəsizliyi və şəxsi məlumatlarının qorunması üçün hansı tədbirlər görülür? Milli qanunvericilik beynəlxalq tələblərə cavab verirmi?

– İdmançıların şəxsi məlumatlarının qorunması AMADA-nın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Biz Azərbaycan Respublikasının “Şəxsi məlumatlar haqqında” Qanununa riayət edirik. Bu qanun əsas hüquqi çərçivəni müəyyən edir. Lakin o, beynəlxalq normalarla nəzərdə tutulan daha detallı mexanizmlərin tətbiqinə də imkan verir. Buna görə biz, həmçinin Avropa İttifaqının “General Data Protection Regulation (GDPR)” ümumi tənzimləmə normalarına əsaslanırıq. Azərbaycan üçün bu məcburi deyil, lakin daha dərin qoruma alətləri təqdim edir və biz onları gündəlik fəaliyyətimizdə tətbiq edirik.

Dörd əsas məsələ var: məlumatlar toplanır, istifadə məqsədləri, məlumatlara çıxış imkanı və nə qədər müddətə saxlanılma. Bu tələblər ciddi şəkildə qorunur.

– AMADA antidopinq sahəsində təhsil alətlərini də fəal şəkildə inkişaf etdirir. Bu istiqamətdə hansı addımlar atılır?

– Süni intellekt əsasında yaradılan təhsil proqramları yüksək effektiv alətlər kimi özünü doğruldub. AMADA “e-learning” elektron təhsil portalı hazırlamağa başlayıb. Məqsəd idmançıların, məşqçilərin, həkimlərin, federasiyaların və valideynlərin antidopinq üzrə fundamental biliklərə çıxışını təmin etməkdir. WADA-nın ADEL platforması artıq qismən Azərbaycan dilinə tərcümə olunub. Biz öz “e-learning” sistemimizi yaradırıq və bu sistem müxtəlif hədəf qruplarına — yeniyetmə idmançılara, valideynlərə, şəxsi heyətə uyğunlaşdırılmış tədris imkanı verəcək.

Sual-cavab analitikası üçün süni intellektdən istifadə tədris prosesinin keyfiyyətini artırır. Biz, həmçinin federasiyalara öz idmançılarının təhsil prosesini izləmək imkanı verməyi planlaşdırırıq.

Bütün süni intellekt platformalarının tətbiqi hüquqi tələblərə ciddi əməl olunmaqla həyata keçirilir. AMADA süni intellektin tətbiqi üzrə risklərin qiymətləndirməsini aparır və yeni təhsil sisteminin işə düşməsinə hazırlaşır.

Chosen
56
48
azertag.az

10Sources