EN

Komitə sədri: Həm “milli demokrat”, həm də “boz kardinal”ın yolları Kremldə birləşib”

“Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində qaldırılan cinayət işi sıradan bir cinayət işi, adi kriminal hadisə deyil”. 

Bu sözləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyev faktiki olaraq ən ağır maddələrlə - dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərə, dövlətə xəyanətə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur: 

“Gördüyümüz kimi, ortada dövlətə xəyanət məsələsi də var. Hazırda bu iş çərçivəsində ilkin araşdırmalar və proseslər davam etdirilir. Bununla bağlı həbslər dalğasına da artıq start verilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilməsi və daha sonra onlar barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi də “Ramiz Mehdiyev işi” çərçivəsində həyata keçirilib. “Xaç ata”ları Ramiz Mehdiyev kimi onlara da hakimiyyəti zorla ələ keçirmə maddəsi ilə ittiham verilib”. 

Həmsöhbətimiz qeyd edib ki, indi istintaqın nəticələrini gözləmək lazımdır: “Bu cür ən ağır maddələrlə ittiham olunan şəxslərin cinayət işi bir neçə günün içində yekunlaşa bilməz. Həm Ramiz Mehdiyevin, həm də Əli Kərimlinin, eləcə də AXCP və Milli Şura rəhbərliyində təmsil olunan bir sıra şəxslərin istintaqa cəlb olunması ilə bağlı hazırda detallı araşdırmalar aparılır. 

Bu araşdırmaların nəticələri önümüzdəki həftələrdə hüquq-mühafizə orqanları tərəfindən açıqlanacaq. Odur ki, istintaqın gedişini və nəticələrini gözləməliyik”. 

Ə.Hüseynov başqa kimlərin istintaqa cəlb oluna biləcəyi ilə bağlı bunları deyib:

““Ramiz Mehdiyev işi” ilə bağlı başqa kimlərin həbs oluna biləcəyi də məhz ilkin istintaqın nəticələrinin rəsmi şəkildə açıqlanmasından sonra bəlli olacaq. İndiki halda isə biz bununla bağlı yalnız mülahizələr, təxminlər səsləndirə bilərik. Hələlik məlum olan bir təkzibolunmaz gerçəklik var ki, istər Ramiz Mehdiyev, istərsə də onun əlaltısı, marioneti olan Əli Kərimli və dəstəsi ustalıqla pərdələnərək xarici qüvvələrin maraqlarına xidmət ediblər. 

Bu gün onlar ifşa olunur, istintaq qarşısında cavab verirlər. Ramiz Mehdiyevin “Dövlət Şurası”nda yer alması nəzərdə tutulan digər şəxslərin də adları gec-tez bəlli olacaq. Bu baxımdan, həbslər dalğasının davam edəcəyi gözləniləndir”. 

O, son zamanlar sosial şəbəkələrdə Əli Kərimlinin trollarının təhqir rəyləri yazmasına da təpki göstərib: 

“Bu gün radikal müxalifətin nümayəndələri, obrazlı dillə desək, Əli Kərimlinin “mürafiə vəkilləri” əllərində olan bütün vasitələrlə bu işin - AXCP və Milli Şura rəhbərliyinin istintaqa cəlb olunmasının guya qurama olduğunu isbat etməyə çalışırlar. 

Onlar Əli Kərimlinin həbsindən sonra həm mətbuatda, həm də sosial şəbəkələrdə dezinformasiya və iftira kampaniyasına start veriblər. Bu gün müxalif mətbuatda manipulyasiya xarakterli müxtəlif yazılar dərc olunur, AXCP-nin trolları sosial media paylaşımlarında Əli Kərimlinin tərəfini saxlayır və ona qarşı irəli sürülmüş ittihamların əsaslılığına, istintaqın obyektivliyinə kölgə salmağa çalışırlar. 

Bu da ondan irəli gəlir ki, radikallar bu həbslərdən sonra öz liderləri Əli Kərimlinin Ramiz Mehdiyevlə bərabər ifşa olunacağını, AXCP və “Milli Şura”nın “gəmi”sinin batacağını artıq bütün hissiyatları ilə dərk etməyə başlayıblar. Ona görə də ictimai rəyi azdırmağa, əsl həqiqətləri ört-basdır etməyə çalışırlar. Ancaq elə faktlar və həqiqətlər də var ki, onları heç nə ilə ört-basdır etmək mümkün olmur”. 

Azərbaycan Həmrəylik Komitəsinin sədri diqqətə çatdırıb ki, 2013-cü ilin prezident seçkiləri zamanı “Milyarderlər İttifaqı”nın Rusiyadan Azərbaycanın radikal müxalifətini yönləndirməyə çalışdığını, “Milli Şura” adlı təxribatçı qrupun prezidentliyə ilk namizədinin də məhz Rusiyaya bağlı olduğu və eləcə də Əli Kərimlinin həmin proseslərdə hansı rolu oynadığı hər kəs yaxşı xatırlanır: 

“Bu cür danılmaz həqiqətləri heç kim pərdələyə bilməz.Bəli, həmin vaxt bütün bu proseslər məhz Rusiyadan idarə olunurdu, Ramiz Mehdiyev və Əli Kərimli isə bu prosesin əsas fiqurantları olublar. 

Onlar Kremldən aldıqları sifarişin icrası üçün daxildə bu xəyanətə yardım edən subyektləri mütəşəkkil qüvvə halına gətirməyə çalışıblar. Beləliklə, Əli Kərimlinin “Milli Şura”sı da, Ramiz Mehdiyevin “Dövlət Şurası” ideyası da eyni xarici ünvandan, eyni siyasi mərkəzdən Azərbaycana “ixrac” olunub. 

Əli Kərimli başda olmaqla, “Milli Şura”nın digər təmsilçiləri, o cümlədən Cəmil Həsənli, Gültəkin Hacıbəyli və s. əksər çıxışlarında məhz xarici dairələrdən kömək gözlədiklərini hər zaman açıq şəkildə bəyan ediblər və eyni zamanda, həmin dairələrə çağırış ediblər ki, ölkəmizin ictimai-siyasi həyatına açıq şəkildə müdaxilə etsinlər”. 

Əlisahib Hüseynovun sözlərinə görə, Ramiz Mehdiyev də Rusiya rəhbərliyinə göndərdiyi məlum məktubunda məhz Kremldən eyni qaydada dəstək istəyib: 

“Beləliklə, həm “milli demokrat”ımızın, həm də “boz kardinal”ımızın yolları Kremldə birləşib. Onlar xarici qüvvələrdən asılılığa və xarici qüvvələrə söykənərək hakimiyyətə gəlmək perspektivlərinə normal bir şey kimi yanaşıblar. Bax, bunun özü artıq dövlətə xəyanətin açıq təzahürüdür. 

Bu mənada bu gün Əli Kərimlinin trollarının hücuma keçməsi, təhqir və söyüş rəylərinin şiddətini daha da artırmaları tamamilə yersizdir. Dövlətə xəyanət faktını təhqir və söyüşlərlə, hay-küylü kampaniyalarla təkzib etmək, cəmiyyətin diqqətindən yayındırmaq əsla mümkün deyil. Onların məqsədi ictimai rəyi çaşdırmaq və istintaqa təzyiq göstərməkdir. 

Ancaq AXCP-yə bağlı media resurslarının, onlarla işbirliyində olan xaricdəki söyüş blogerlərinin və sosial media trollarının son günlərdə xüsusilə fəallaşması heç nəyi dəyişməyəcək. “Boz kardinal”ın həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində formalaşdırmağa çalışdığı xəyanət şəbəkəsi artıq deşifrə olunub. 

Ramiz Mehdiyev-Əli Kərimli tandemi və onların funksionerləri hakimiyyəti qanunsuz yollarla ələ keçirməyə cəhd göstərdiklərinə görə layiqli cəza alacaqlar. Dövlətin, millətin təhlükəsizliyi nəyi diqtə edirsə, o da olacaq. Milli maraqları satanlar heç vaxt cəzasız qalmır”. 

Chosen
18
1
cebheinfo.az

2Sources