EN

Bu restoran sahibləri cərimələnəcək – Vacib açıqlama

Restoranlarda sanitar-gigiyena qaydalarına əməl olunmaması halları mövcuddur və bu, istehlakçıların sağlamlığı üçün ciddi risk yaradır.

Buna görə də aidiyyatı qurumlar tərəfindən daimi nəzarət, işçi heyətin ciddi qaydalara riayət etməsi, iş yerinin axar su və təmizlik vasitələri ilə təminatı, həmçinin qida məhsullarının təhlükəsizliyi tələb olunur. Lakin bəzi obyektlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə və gigiyena normalarına cavab vermir.

Bəs restoranlarda sanitariya və gigiyena qaydalarına əməl olunmamasına görə, hansı cərimələr nəzərdə tutulur?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır:

“Belə ki, həmin maddəyə əsasən, idxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, İstehlakçıların hüquqlarının pozulmasına, yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, saxlama müddəti ötmüş məhsulların satılmasına, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə, standartların, digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalına və ya satılmasına, işin (xidmətin) görülməsinə görə

fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.

Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, sanitariya-gigiyena rejiminin pozulmasına görə

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

“Bu inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə, həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, turizm və mehmanxana (mehmanxana tipli digər obyektlər daxil olmaqla) fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi baxır”, – ekspert yekunlaşdırıb.

Chosen
30
nocomment.az

1Sources