EN

GDU-da “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib

Gəncə Dövlət Universitetində (GDU) İnnovasiyalar Departamentinin təşəbbüsü ilə təşkil olunan “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, universitetin rektoru Yusif Yusibov çıxış edərək gənclərin və akademik heyətin yenilikçi baxışları, ideyaları və istedadlarının aşkara çıxarılması üçün belə müsabiqələrin rolundan danışıb və müsabiqənin işinə uğurlar arzulayıb.

Final mərhələnin birinci hissəsində müsabiqə haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, “Yeni bir fikrim var 2” müsabiqəsinə ilkin mərhələdə professor-müəllim heyəti və tələbələr tərəfindən çoxsaylı müraciət olunub. Müraciətlər rektorluğun əmri ilə yaradılmış müstəqil ekspertlərdən ibarət komissiya tərəfindən qiymətləndirilib və 38 ideya arasından tələbələrdən ibarət 6 komanda və professor-müəllim heyətindən ibarət 6 komanda finala vəsiqə qazanıb. Seçilmiş komandalar növbəti mərhələdə öz ideyalarını daha da təkmilləşdiriblər və finalda təqdim etmək üçün hazırlayıblar.

Sonra final mərhələyə vəsiqə qazanan iştirakçılar müstəqil ekspertlərdən ibarət Qiymətləndirmə Komissiya qarşısında təqdimatla çıxış ediblər. Müxtəlif meyarlar əsasında Komissiya tərəfindən qiymətləndirmə nəticəsində akademik-inzibati heyət tərəfindən təqdim olunan “Balaca səslər, böyük qəlblər” adlı layihə I yer, “Retroart-köhnədən yeniyə” adlı layihə II yer, “DiaLux-diyetik inqrediyentlərlə hazırlanan şirniyyat” adlı layihə isə III yerə layiq görülüb. Final mərhələdə iştirak hüququ qazanmış tələbələr arasından təqdim edilən “Fructadrop” adlı layihə I yer, “SADA” adlı layihə II yer və “GrandCloud” adlı layihə isə III yerdə qərarlaşıb.

Qeyd edək ki, rektorun müvafiq əmrinə əsasən universitet Elmi Şurasının qərarı əsasında qaliblərə akademik-inzibati heyət üçün I yer 800 AZN, II yer 600 AZN, III yerə 400 AZN pul mükafatı nəzərdə tutulub. Tələbələr üçün isə bu məbləğ I yerə 700 AZN, II yerə 500 AZN, III yerə isə 300 AZN müəyyən olunub.

Sonda “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanmış bütün iştirakçılara sertifikatlar təqdim edilib.

Chosen
15
tehsil.biz

1Sources