EN

Yulian Kifu : ABŞ-ın təhlükəsizlik strategiyası: Güc, qətiyyət və mübarizə

Buxarest, 10 dekabr, AZƏRTAC

Rumıniyanın tanınmış siyasi şərhçisi Yulian Kifu ABŞ-ın təhlükəsizlik strateqiyasını təhlil edərək “Calea Europeana” nüfuzlu nəşrində çox maraqlı analitik məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, son dövrlərdə ABŞ-ın beynəlxalq təhlükəsizlik və geosiyasi strategiyalarında “güc, qətiyyət və dözümlülük” modelinə üstünlük verdiyi müşahidə olunur

AZƏRTAC-ın məlumatın görə, rumıniyalı analitik bu yanaşmanı dərindən analiz edərək deyir ki, bu strategiya sadəcə düşmənə qarşı təzyiq vasitəsi deyil, həm də “güclülər dünyası”nın formalaşması üçün nəzərdə tutulmuş geniş konsepsiyadır. Burada zəiflər, qurbanlar və məğlublar üçün yer yoxdur.

Y.Kifunun fikrincə, bu strategiyanın əsas prinsip və tamaları siyasi, hərbi, informasiya və iqtisadi güc mexanizmlərinin inteqrasiyası: diplomatik jestlərlə yanaşı, sərt müdafiə və çevik reaksiya, uzunmüddətli planlama və zərbə ilə təzyiq balansıdır. O vurğulayır ki, bu yanaşma Rusiyanın və ya digər dövlətlərin siyasətinə cavab verməklə yanaşı, eyni zamanda ABŞ-ın yeni nizam yaratmaq və qlobal hakimiyyət balansını müəyyənləşdirmək cəhdidir.

Analitik bildirir ki, bu strategiya real ssenarilərdə iki böyük üstünlük təmin edir. Birinci potensial düşmənləri qorxuya salmaq, ikinci isə ABŞ-ın müttəfiqlərini öz orbitinə bağlamaq. ABŞ üçün bu, yalnız bir ölkənin marağı deyil, transregional təhlükəsizlik və investisiya şəbəkəsinin qorunması deməkdir. Lakin Y. Kifu sual qoyur: "bu strategiya uzunmüddətli sülh, ədalət və stabillik gətirə bilərmi?"

Onun cavabı belədir: Əgər bu “qətiyyət strategiyası” beynəlxalq hüquq və regional tarazlığa hörmətlə yanaşmasa, onda yox. Çünki güc, təzyiq və hərbi üstünlük yalnız müvəqqəti üstünlükdür, lakin davamlı sülhün təminatı deyil. Y. Kifu deyir ki, bu model nəticə vermək üçün qarşılıqlı hörmət, ədalət və qarşılıqlı kompromis mexanizmləri ilə balanslaşdırılmalıdır.

Ekspertin qənaətincə, bu strategiyanın ABŞ-ın xarici siyasətində artan rolu onu “qlobal hakim” roluna gətirir, lakin bu, həm də yeni qarşıdurmalar, geosiyasi gərginliklər və bölgələrdə qeyri-sabitlik riski yaradır. Yalnız güc deyil, inteqrasiya, regional dialoq və qarşılıqlı təhlükəsizlik mexanizmləri sülhü təmin edə bilər.

Yulian Kifunun bu təhlili göstərir ki, bu günün dünyasında müharibə və sülh yalnız biri ilə deyil, savaşın, diplomatiyanın, iqtisadi və informasiya təsirlərin qarışığı ilə aparılır. ABŞ-ın yeni təhlükəsizlik strategiyası bu reallığı nəzərə alan, lakin riskləri də artıran bir modeldir. Avropa və qlobal ictimaiyyətin bu təhdid və imkan qarşısında dayanıqlı, həmrəyliklə və ədalətlə reaksiya verməsi böyük əhəmiyyət daşıyır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Chosen
64
1
azertag.az

2Sources