EN

“Şimal-Cənub” nəqliyyat dəhlizinin kəsişmə nöqtəsi - Çabahar

Bakı, 10 dekabr, AZƏRTAC

Çabahar limanı İranın okean sahilində yerləşən yeganə limanıdır ki, onun Mərkəzi Asiya, Qafqaz, Rusiya və Avropa ilə nəqliyyat əlaqəsi yaratmaq üçün böyük potensialı var. Bu limanın tranzit imkanları İranla yanaşı region ölkələrinin iqtisadi maraqlarına cavab verir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı İranda fəaliyyət göstərən İntellektual İdarəetmə Mərkəzinin rəhbəri, beynəlxalq iqtisadiyyat üzrə ekspert Seyid Taha Hüseyin Madani deyib.

O bildirib ki, 600 kilometrlik Çabahar-Zahedan dəmir yolu İran üçün olduqca vacibdir və onun tikintisi sürətlə başa çatdırılmalıdır.

“Çabahar limanından Zahedan şəhərinə kimi çəkilən dəmir yolu iki istiqamətə - Mərkəzi Asiya və Qafqaza ayrıla bilər. İlkin hesablamalara görə, 1,5 milyard dəyəri olan bu layihə İranın müasir tarixində strateji və misli görünməmiş dəmir yolu layihəsidir. Bu yolla Hindistanın İrandan tranzit keçməklə Rusiya, Qafqaz və Mərkəzi Asiya ilə nəqliyyat əlaqəsi yaranır ki, bu da onun ticarətini genişləndirəcək”, - deyə ekspert qeyd edib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm komponenti olan Çabahar-Zahedan dəmir yolu ilə Çabahar limanına daxil olan yüklər Azərbaycan üzərindən Rusiyaya, Türkmənistan üzərindən isə Mərkəzi Asiyanın digər ölkələrinə daşınacaq: “Bu baxımdan Çabahar–Zahedan dəmir yoluna böyük ehtiyac var. Bu dəmir yolu Çabahar limanının beynəlxalq iqtisadi əhəmiyyətini daha da artıracaq. Hindistanın Mumbai limanından Çabahardakı “Şəhid Behişti” limanına daxil olan yüklər birbaşa Rusiya və əks istiqamətə daşınaraq tranzit ölkələr üçün əlavə iqtisadi dəyər yaradacaq. "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizini tamamlayan Çabahar-Zahedan layihəsi çətin dağlıq və qum fırtınaları olan səhra ərazilərindən keçir. Bu marşrut boyunca ümumi uzunluğu 17 kilometr olan 40 tunel və 20 kilometr uzunluğunda körpüyə ehtiyac var”.

Chosen
33
azertag.az

1Sources