EN

Avropa İttifaqı “Global Gateway” proqramı çərçivəsində 400 milyard avroluq sərmayə hədəfini açıqlayıb

Berlin, 10 dekabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) 2021-2027-ci illəri əhatə edən “Global Gateway” strategiyası çərçivəsində dünyada ictimai və özəl investisiyaları təşviq etməyi hədəfləyir.

AZƏRTAC xəbər verir ki, proqram rəqəmsal, enerji və nəqliyyat sahələrində ağıllı, təmiz və təhlükəsiz əlaqələrin yaradılmasını, həmçinin səhiyyə, təhsil və tədqiqat sistemlərinin gücləndirilməsini nəzərdə tutur.

Aİ-nin ilkin məqsədi 2021-2027-ci illərdə dünya üzrə 300 milyard avro investisiya cəlb etmək olsa da, ötən ay Avropa Komissiyası bu hədəfin əldə olunduğunu açıqlayaraq, 2027-ci ilədək investisiyaların 400 milyard avroya çatdırılmasını planlaşdırıb.

“Global Gateway” proqramının əsas prinsipləri arasında demokratik dəyərlər, yüksək standartlar, şəffaflıq və yaxşı idarəetmə, bərabər tərəfdaşlıq, yaşıl və təmiz texnologiyalar, təhlükəsizlik və özəl sektorun təşviqi yer alır. Proqram BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Paris iqlim sazişi ilə uyğunluq təşkil edir.

Aİ-yə üzv dövlətlər 2026-cı il üçün 256 mühüm layihəni artıq təsdiqləyib. Bu layihələr rəqəmsal texnologiyalar, iqlim və enerji, nəqliyyat, səhiyyə, təhsil və tədqiqat sahələrində Aİ-nin tərəfdaşlarına göstərdiyi dəstəyin nümunələridir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Chosen
38
azertag.az

1Sources