EN

Azərbaycan kəskinləşən rəqabət fonunda uduşlu tərəfdir- ÖZƏL

"ABŞ Prezidenti Donald Tramp administrasiyasının və bu administrasiyaya yaxın kəslərin Avropaya tənqidi yanaşması bəllidir. Hətta düşünülür ki, Avropa yeni Milli Təhlükəsizlik Strategiyasını imzalayan Trampın vurduğu güclü zərbədən sonra çətin ki özünə gələ bilə. Sənəddə ABŞ-ın Avropaya qarşı düşmənçiliyi qeyd olunur ki, bu, hazırda rəsmi olaraq milli səviyyədə təsbit olunub." Bu  sözləri  Olaylar.az-a  açıqlamasında 
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq    Şəbnəm  HƏSƏNOVA deyib:"  İttifaq üçün vəziyyət fəlakətə yaxındır və günahkar heç kim yox, Avropa İttifaqının özünün əyninə dar gələn "qısa şalvarıdır". Ona görə də ABŞ-ın nüfuzlu nəşrləri yazır ki, Avropa "qısa şalvar sindromu"ndan əziyyət çəkir. Yəni, İttifaq yetişkən, püxtələşmiş deyil və tarix boyu ABŞ-dan qidalanıb. Elə buna görə də Tramp dəfələrlə Avropa müttəfiqlərini parazit yəni, qırıntı hesabına qidalanan adlandırıb. Belə bir düşüncə mövcuddur ki, avropalılar ABŞ-ın tərbiyəsinə o qədər öyrəşiblər ki, sadəcə müstəqil hərəkət etməyi öyrənməyiblər. Onlar uşaq kimi düşünür və mühakimə yürüdürlər. Hətta obrazlı bənzətmələr də var ki, valideynlərini seçə bilməzsən: Vaşinqton sənə qışqıracaq, səni tərbiyə edəcək və sonra sakitləşəcək, amma sadəcə onun köməyi olmadan yaşaya bilməzsən. 
Həqiqətdə isə hələ tam ayrılma baş verməyib. Çünki bunun olacağı təqdirddə Avropaya bir neçə onilliklər lazımdır. İttifaq dövlətləri indi öz təhlükəsizliklərinə çox az sərmayə qoyur. Buna görə də Tramp hesab edir ki, İttifaq məhz Vaşinqtonla münasibət qurmaq üçün yaradılıb.
Ümumiyyətlə, ABŞ-da hesab edilir ki, qoca qitə hazırda strateji yol ayrıcındadır. İki seçim var: "alçaldıcılığa" dözmək və Amerikaya yapışmağa davam etmək, ya da vəziyyəti qəbul etmək, silahlanmasını artırmaq və həqiqətən müstəqil olmaq. Düşünülür ki, Avropa ölkələrinin müstəqil olmaları və öz müdafiələri üçün məsuliyyət daşımaları gərəkdir. Bir sözlə, ABŞ İttifaqın təhlükəsizliyinə zəmanət verməkdən imtina edir.
Sənəd Aİ-ni "siyasi azadlığı" boğmaqda da ittiham edir və bəzi NATO üzvlərinin tezliklə "qeyri-Avropa çoxluğuna" çevrilə biləcəyinə işarə edilir. 
Trampın yaxın adamlarından olan Amerikalı iş adamı və milyarder İlon Maskın sözləri də İttifaqın qeyd olunan siyasi azadlığı boğmasının dilə gətirilməsidir. Ona görə də o, Avropa Komissiyasının ləğv olunmalı və seçkili orqanla əvəz olunmalı olduğunu bildirir. Trampın yanaşması qədər, Maskın sözlərində də həqiqət var. Özünü demokratiya carçısı, müdafiəçisi hesab edən Avro-strukturların addımlarında da, yanaşmasında da demokratiyadan əsər-əlamət yoxdur. Belə olsa idi niyə fərqli regionlarda gedən münaqişələrə fərqli münasibət göstərilirdi? Ədalət tərəzisi eyni ölçünü göstərmirdi? Avro-strukturlarda korrupsiya, rüşvət, qərarların lehinə və əleyhinə qəbulu zaman təzyiq, bürokratiya hökm sürür, subyektiv amillər, qərəzli yanaşmalar nümayiş etdirilir.   

Avropa bir neçə il əvvəl az öncə qeyd edilən ikinci yolu yəni, özünü təminetmə və tək ayaqda durma yolunu seçmiş kimi görünürdü. Ölkələr bir-biri ilə hərbi əməkdaşlığı genişləndirib, müdafiə xərclərini artırıb və ordularının sayını artırmışdılar. Lakin uğur əldə edilmədi. Problemlər isə hələ də qalmaqdadır. Avropada real hərbi inteqrasiya yoxdur, sursat çatışmır. Bir sözlə, onlar ABŞ-ın köməyi olmadan idarə edə, edilə bilmirlər və hətta bunu etmək məcburiyyətində qalacaqlarından da çox qorxurlar. 

Bu səbəbdən, Avropa liderləri ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasına ya təmkinlə, ya da ümumiyyətlə cavab verməyib. Düşünürlər ki, Tramp qışqıracaq, qəzəblənəcək, sonra sakitləşəcək və Aİ tərəfdaşlarını dəstəkləməyə qayıdacaq. Bunu, xüsusən də Vaşinqtonu "hələ də Avropanın ən böyük müttəfiqi" adlandıran Avropa diplomatiyasının rəhbəri Kaja Kallas açıq şəkildə bildirib.

Bəzi analitiklər düşünürlər ki, Avropa liderləri transatlantik əməkdaşlığı qorumaq üçün Trampla razılığa gəlməyi bu məsələdə yeganə uzunmüddətli variant kimi görürlər. 
Digər kəsim əlavə də eder ki, Avropanın çiçəklənən və dinc olmasına səbəb olan ABŞ-dır, çünki ABŞ İkinci Dünya Müharibəsinin sonundan, yəni 80 ildir ki, öz təhlükəsizliyini təmin edir. Əks fikir tam əksdir. Deyilir ki, Tramp administrasiyası İttifaqla münasibətləri təmiz kəsmək istəyir. Çünki Vaşinqtonun konkret məqsədi var ki, Avropanı bölsün, və onu böyük dünya gücləri üçün "asan ov" etsin. Bu işdə hətta Rusiyanın da iştirakı deyilir.

Rəsmi Moskva öz mövqeyini gücləndirmək üçün Avropa İttifaqını hər vəchlə zəiflədir. Hətta belə ironiyalı yanaşma da var ki, ABŞ Milli Təhlükəsizlik Strategiyası oxşar Rusiya sənədinin surətidir. 
Həqiqətdə isə Avropa sıxışmış və divara sıxılmış vəziyyətdədir. Fransa Prezidenti Emmanuel Makronun Çin və Aİ arasında ticarət kəsiri səbəbiylə Çini Avropa İttifaqından tariflərlə hədələməsi də bu basqının nəticəsidir. Buna görədir ki, bir yandan Makron qarşıdakı aylarda sərt tədbirlər görərək ABŞ-ın nümunəsini izləyərək əməkdaşlığı dayandırmağa məcbur olacaqlarını bildirirsə, digər yandan da ayaq yeri qoyaraq Çinlə ticarət mübahisəsinin sülh yolu ilə həllinin mümkün olduğuna inandığını bildirir.
Avropada vahid, yetkin fikir də mövcud deyil. Avropanın daxilində də Rusiya-Ukrayna müharibəsindən bezənlər, ona tənqidi yanaşanlar da az deyil. Üstəlik bu cür də yanaşma var ki, Avropa siyasi elitalarının hərbi əməliyyatları dəstəkləməsi "açıq-aşkar Rusiya təbliğatı"dır. 
Avro-strukturlar böhran yaşayır, daxildə dəyərlər baxımından da deqradasiya gedir. Avropa İttifaqı, bütövlükdə Avro-təsisatlarda fundamental struktur və kadr islahatları aparılmalıdır. Rəqabət kəskin fazaya daxil olub,            Azərbaycan kəskinləşən rəqabət fonunda uduşlu tərəfdir. Bunun əsas səbəbi isə milli maraqlarımızdan dönməməyimiz və milli birlik nümayiş etdirməyimizdir. "

 İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
77
olaylar.az

1Sources