EN

Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, idarəçilik təcrübəsi Azərbaycan tarixində önəmli mərhələləri formalaşdırdı



"Ulu öndərin haqq dünyasına qovuşmasından 22 il ötsə də, bu gün də ümummilli lider qədirbilən xalqımız tərəfindən böyük ehtiram və sayğı ilə anılır, O böyük insanın ruhu qarşısında sevgi və məhəbbətlə baş əyilir. Bu cür böyük ehtiram və sayğı hər siyasi liderə, hər dövlət adamına nəsib olmur".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O deyib ki, hər il Heydər Əliyevin anım günü Azərbaycanda böyük hörmət və ehtiramla qeyd olunur:

“Bu gün, yalnız bir dövlət xadiminin xatırlanması deyil, həm də Azərbaycan xalqının zəngin tarixinin mühüm bir səhifəsinə nəzər salmaq, ölkənin keçdiyi inkişaf yolunu dəyərləndirmək üçün xüsusi bir anlam daşıyır”.

Millət vəkili bildirib ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, idarəçilik təcrübəsi və strateji baxışları XX əsrin sonları və XXI əsrin əvvəllərində Azərbaycan tarixində önəmli mərhələləri formalaşdırdı:

“Onun fəaliyyəti müxtəlif sahələri iqtisadiyyatı, diplomatiyanı, ordu quruculuğunu, sosial-mədəni inkişafı və milli ideologiyanın möhkəmləndirilməsini əhatə edirdi. Bu səbəbdən də, onun adı müasir Azərbaycanın inkişaf prosesi ilə sıx bağlı şəkildə xatırlanır.

Heydər Əliyevin dövlətçilik xətti, idarəçilik ənənəsi və Azərbaycan üçün yaratdığı konseptual inkişaf modeli, bu gün də ölkənin bir çox sahələrində öz təsirini göstərməkdədir. Onun irsi yalnız keçmişin bir hissəsi kimi deyil, həm də gələcək nəsillər üçün bir məktəb kimi dəyərləndirilir. Hər il keçirilən anım tədbirləri bu irsin yaddaşlarda yenilənməsi və xalqın öz tarixi şəxsiyyətlərinə göstərdiyi ehtiramın bir simvolu kimi qəbul olunur”.
Chosen
71
newscenter.az

1Sources