Tbilisi, 11 dekabr, AZƏRTAC
Gürcüstanda qripə qarşı peyvəndləmə davam edir, vəziyyət stabildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Gürcüstan qrip mövsümünə hazırdır. Hazırda A/H3N2 virusu ölkənin bütün bölgələrində dövriyyədədir. Digər mövsümi respirator viruslar - rinoviruslar, paraqrip, respirator sinsitial virus və s. da qeydə alınıb. Virusun müalicəsi əsasən ev şəraitində ailə həkimi tərəfindən aparılır.
Ölkədə builki qrip ştamlarına qarşı peyvənd tətbiq edilir və artıq 150 minə yaxın insan peyvənd olunub.
Səhiyyə Nazirliyi tərəfindən alınmış Fransa istehsalı olan dördkomponentli mövsümi vaksin bütün şəxslərə təqdim olunur və peyvənd pulsuz həyata keçirilir. Qrip peyvəndi bütün əhali qrupları üçün tövsiyə olunur, lakin xüsusilə hamilə qadınlar, qocalar, uşaqlar (altı aylıqdan), zəif immun sistemi olan insanlar və xroniki xəstəlikləri olanlar kimi yüksək riskli şəxslər üçün vacibdir.
“Mövcud epidemioloji vəziyyətə uyğun olaraq, proses tam nəzarət altındadır və səhiyyə sistemi mövsümə uyğun olaraq əhaliyə vaxtında və keyfiyyətli xidmət göstərməyə hazırdır”, – deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Tbilisi