EN

Əraqçinin səfəri Güney Qafqazda yeni gerçəkliyin qəbulunun göstəricisidir - Rəy

Yazını böyüt
Yazını kiçilt

“İranın xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfəri bölgədə gedən proseslərin fonunda həm simvolik, həm də praktik anlam daşıyır. Bölgənin təhlükəsizlik arxitekturası dəyişir, Güney Qafqazda yeni siyasi gerçəkliklər formalaşır və bu gerçəkliklərlə hesablaşmaq artıq hər kəsin marağındadır. Əraqçinin səfəri də gerçəkliyin qəbulunun bir göstəricisi kimi qəbul olunmalıdır”.

Bunu Hafta.az-a siyasi şərhçi Əkbər Qoşalı İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycan səfərini İran–Azərbaycan münasibətlərində baş verən yeniliklər müstəvisində şərh edərkən bildirib.

Ekspert hazırda münasibətlərin yeni fazaya keçidinin, tərəflərin bir-birini daha rasional qarşıladığının müşahidə olunduğunu deyib:

“Azərbaycanın suverenlik mövqeyi birmənalıdır, sərhədlər üzərində tam nəzarət faktı isə artıq geridönməzdir. Bakı bu mövqedən çıxış edərək dialoqa açıqdır və Əraqçinin səfəri Tehran üçün qarşılıqlı anlaşma qapısının yenidən açılması kimi dəyərləndirilə bilər. Digər məsələ ondan ibarətdir ki, İranın bölgəsəl prosesləri yenidən qiymətləndirməsi diqqət çəkir.

Tehran Zəngəzur dəhlizi, Zəngəzura gedən yola perpendikulyar olan Quzey–Güney xətti, Türk Dövlətləri Təşkilatının bölgədə artan çəkisi kimi məsələləri daha realist yanaşma ilə dəyərləndirməyə çalışır. İranın bölgəsəl qərarlarında konstruktiv elementlərin artması həm özünün iqtisadi maraqlarına xidmət edir, həm də Azərbaycanın həyata keçirdiyi kommunikasiyalar şəbəkəsində yer almaq istəyindən qaynaqlanır. Bu baxımdan səfərin iqtisadi və geosiyasi tərəfləri bir-birini tamamlayır”.

Ə.Qoşalı, eyni zamanda, məsələyə dialoq – qarşıdurmadan daha çox qazandırır prinsipi əsasında yanaşıb. O, qeyd edib ki, Azərbaycan öz xarici siyasətində açıq şəkildə göstərib ki, münasibətlərin normallaşması onun üçün prinsipialdır. Amma əsas şərti daxili işlərinə qarışmamaq, qeyri-dost ritorikadan çəkinmək və bölgəsəl sabitliyə sayğı göstərməkdir. Əgər Tehran bu parametrləri anlayırsa, münasibətlərdə yumşalma yalnız zaman məsələsidir.

Ekspert hesab edir ki, səfərin əsas ismarıcı İranın Azərbaycana “məmləkət olaraq sayğı” ismarışını verir:

“Azərbaycan 44 günlük savaşdan – tarixi Zəfərdən sonra bölgənin aparıcı siyasi aktoruna çevrilib və İran da bunu görməyə bilməz. Bakı ilə münasibətləri qaydasına salmaq Tehran üçün həm strateji, həm də diplomatik zərurətdir. Beləliklə, bu səfəri İran–Azərbaycan münasibətlərində ehtiyatlı optimizmin yeni başlanğıcı kimi qiymətləndirmək olar. Bunun davamlı olması isə davranışın və siyasətin ardıcıllığından asılıdır. Azərbaycan dialoqa açıqdır, amma prinsiplərindən də geri çəkilmir; İran isə indi bölgədəki yeni gerçəkliklərin diktəsini nəzərə alaraq daha konstruktiv xətt seçməyə çalışır”.

Tahirə Qafarlı

Chosen
114
hafta.az

1Sources