EN

ADPU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bakı,11 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdən öncə universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri və professor-müəllim heyəti Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbir Ulu Öndərin və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlanıb. Ardınca Ümummilli Liderin dəfn mərasimindən görüntülər təqdim olunub.

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov müasir Azərbaycan dövlətinin formalaşmasında Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Rektor qeyd edib ki, Ulu Öndər özünün çoxşaxəli və genişmiqyaslı fəaliyyəti ilə bütöv bir epoxanın əsasını qoyub. XX əsrin 70-ci illərində respublikamızı sürətli inkişaf yoluna çıxaran da Heydər Əliyev idi, 1990-cı illərin ağır, faciəli günlərində xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdaraq Azərbaycanı xaosdan, parçalanma təhlükəsindən xilas edən də məhz Ulu Öndər oldu. Heydər Əliyevin hər zaman xalqın gələcəyinin savadlı, vətənpərvər, müasir dünyagörüşlü gənclərin əlində olduğunu vurğuladığını qeyd edən rektor bu gün ADPU-nun minlərlə tələbəsinin, bütövlükdə Azərbaycan gəncliyinin məhz bu xətt üzrə – öz kökünə bağlı, amma dünyaya açıq, milli ruhlu, amma çağdaş texnologiyaları mənimsəyən bir nəsil kimi formalaşdığını diqqətə çatdırıb. C.Cəfərov bildirib ki, universitet olaraq ADPU-nun əsas missiyası bu nəsli yüksək hazırlıqlı, dövrün tələblərinə cavab verən, milli- mənəvi dəyərlərə sadiq mütəxəssislər kimi yetişdirməkdir.

Sonra Heydər Əliyevin həyat yolu və dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri Rəşad Sadıqov “Azərbaycan sürətli inkişaf yollarında (1969–1987-ci illər)” mövzusunda məruzə ilə çıxış edərək, həmin dövrün ölkəmizin gələcək müstəqilliyi üçün möhkəm və etibarlı təməl yaratdığını vurğulayıb.

Uşaq xorunun ifasında “Sən elə bir zirvəsən” mahnısının videokompozisiyası nümayiş etdirildikdən sonra tədbirin növbəti məruzəçisi – Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Ü.Hacıbəyli, 68” ərazi təşkilatının sədri, dosent Sultanəli Qurbanov çıxış edib. O, “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarıdır (1993–2003-cü illər)” mövzusunda məruzəsində Ulu Öndərin ikinci rəhbərliyi dövründə ölkənin ağır siyasi böhrandan çıxarıldığını, dinamik inkişaf edən, sabit, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevrildiyini qeyd edib.

Chosen
54
1
azertag.az

2Sources