Almaniya Kansleri Fridrix Merts dünən Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ona münaqişənin həlli planının bir hissəsi olaraq Ukraynanın ərazi güzəştləri ilə bağlı təkliflərin təqdim edildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, Fridrix Merts bu barədə NATO-nun Baş katibi Mark Rütte ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və mən dünən günortadan sonra Prezident Donald Trampla ətraflı danışdıq. Söhbət zamanı prosesdə növbəti addımları müzakirə etdik”, - deyə o bildirib.
Danışıqları “konstruktiv” adlandıran Kansler qeyd edib ki, onlar Birləşmiş Ştatların dövlət başçısına Ukrayna münaqişəsinin həlli üçün Kiyevin ərazi güzəştləri ilə bağlı təklif göndəriblər.
“Əsas məsələ Ukraynanın hansı ərazi güzəştlərinə getməyə hazır olmasıdır və bunu Kiyev özü müəyyən etməlidir”, - deyə Fridrix Merts vurğulayıb.