Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfəri çərçivəsində bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabinetindən xəbər verilib.
Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb.
Kobaxidze Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.
Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin müsbət dinamikası müzakirə olunub.
Gürcüstanla Azərbaycanın birgə reallaşdırdığı regional əhəmiyyətli layihələr və artan ticari-iqtisadi əməkdaşlıq vurğulanıb. Tərəflər Orta Dəhlizin inkişafının əhəmiyyətini və bu istiqamətdə tərəfdaşlığın dərinləşdirilməsi, həmçinin enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlığın möhkəmləndirilməsi məsələlərini də müzakirə ediblər.
Kobaxidze Gürcüstanın dialoq yolu ilə bölgədə dayanıqlı sülh və sabitliyin təmin edilməsinə töhfə verməyə hazırlığını bir daha təsdiqləyib.