EN

Tolerantlıq məkanı kimi Azərbaycanın dünyada rolu artacaq...


Dünyanın müxtəlif xalqları, mədəniyyətləri və dinləri arasındakı qarşılıqlı əlaqələr əsrlər boyu bəşəriyyətin inkişafında mühüm rol oynayıb. Müasir dövrdə qloballaşma prosesi daha da sürətlənib, müxtəlif etnik və dini qrupların bir arada yaşaması zərurətə çevrilib.

Bu baxımdan, dini və milli tolerantlıq yalnız harmoniya və sabitlik yaratmaq üçün deyil, həm də cəmiyyətlərin davamlı inkişafına töhfə vermək üçün əsas şərtlərdən biridir. Dini və milli tolerantlıq anlayışı insan haqlarının qorunması, azadlıqların təmin edilməsi və ictimai harmoniyanın formalaşdırılması ilə sıx bağlıdır. Tolerantlıq sadəcə dözümlülük deyil, eyni zamanda başqalarının inancına, adət-ənənələrinə və milli kimliklərinə hörmətlə yanaşmaqdır. Bu anlayış fərdlərin bir-birini daha yaxşı tanımasına, birgəyaşayış mədəniyyətinin formalaşmasına və qarşılıqlı anlaşmanın dərinləşməsinə zəmin yaradır.

Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır

Tarix boyu dini və milli münaqişələrin yaratdığı fəsadlar bəşəriyyətə ağır ziyanlar vurub, cəmiyyətlər arasında parçalanmaya səbəb olub. Eyni zamanda, tolerantlığın və dialoqun hakim olduğu cəmiyyətlər daha sabit, təhlükəsiz və firavan olub. Tarixi nümunələr göstərir ki, multikultural mühitin mövcud olduğu ölkələrdə elmi, mədəni və iqtisadi inkişaf daha sürətli getmiş, fərqli din və etnik mənsubiyyətə malik insanlar birgə fəaliyyət göstərərək ümumi rifaha töhfə vermişlər. Multikulturalizmi həyat tərzinə çevirmiş Azərbaycan dünyada tolerantlıq nümunəsi sayılır. Ölkəmizdə fərqli dini və etnik kimliyə malik xalqlar dostluq və qardaşlıq mühitində yaşayırlar. Azərbaycan daima Qərb ilə Şərqin, sivilizasiyaların arasında körpü rolunu oynayıb. Məlumdur ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir. Başqa sözlə desək, dini və milli çoxkonfessiyalı olmamız bizim üçün xüsusi üstünlükdür. Multikultural dəyərlərə hörmət dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir. Dindən siyasi məqsədlər üçün istifadə yalnız cəmiyyətlər daxilində nifaq və qarşıdurma yaratmağa xidmət edir. Bu təzahürlər, eyni zamanda, insanlığı humanizm ideallarından və ümumbəşəri dəyərlərdən məhrum edir, nəticədə sivilizasiyalararası münaqişələrə gətirib çıxarır. Azərbaycanın təlqin etdiyi tolerantlıq modeli beynəlxalq aləm üçün ardıcıllığa söykənmiş nümunədir. Ölkəmizdə dinlər və millətlərarası münasibətlər mühitinin daha da stabil və tolerant forma almasına yönəlik addımların aydın mənası və hədəfi var. Azərbaycan hələ uzun illər öncədən dünyanın belə təhlükəyə doğru itələndiyinin əlamətlərini gördü və qabaqlayıcı addımlar atdı. Saysız beynəlxalq konfrans və simpoziumlar, sivilizasiyalararası dialoq tədbirləri və sair təsadüfi addımlar deyildi.

Prezident İlham Əliyevin çıxışlarının birində bildirib ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır”.

Başqa hansısa ölkədə belə vəhdət müşahidə edilmir

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən şərqşünas Seyid Camal Əzimbəylinin fikrincə, Azərbaycan qədər tolerant olan ikinci ölkəni təsəvvür etmək çətindir: “Azərbaycanı bu məsələdə bir sıra ölkələrdən fərqləndirən bir sıra faktorlar vardır. Ölkəmizi bu məsələdə fərqləndirən məqam ondan ibarətdir ki, Azərbaycan tarixində heç bir zaman dini və milli zəmində toqquşma olmayıb. Çünki əsrlər boyu əcdadlarımız, babalarımız, nənələrimiz müxtəlif millətlərin nümayəndələri ilə birgə sülh şəraitində yaşayıb. Birgə yaşayışa üstünlük veriblər. Ona görə də həmin ənənələr bu gün də davam edir. Bu baxımdan əcdadlarımız necə yaşayıbsa, onların övladları da eyni həyat tərzini yaşayır. Necə deyərlər, bununla bağlı ənənələri davam etdirirlər. Yəni bir ailə kimi yaşayır və Azərbaycanda şiələrlə, sünnilər vəhdət namazı qılırlar. Bu doğrudan da bir örnəkdir, bir nümunədir. Azərbaycan xaric hansısa ölkədə belə vəhdət müşahidə edilmir. Çünki digər ölkələrdən fərqli olaraq bizdə multikulturalizm bir dövlət siyasətidir. Nəinki dövlət siyasətidir, həm də multikulturalizm illərdir mövcud olan bir ənənədir. Azərbaycanda müxtəlif etnosların təmsilçiləri özünü bir Azərbaycanlı hesab edir, bununla qürür duyur və vətənin keşiyindədir. Azərbaycanda mövcud olan və illərlə inkişaf edən multikulturalizm bizim sabitliyimizin və inkişafımızın təminatçısıdır. Ona görə də biz hər zaman bu zənginliyimizi qorumalıyıq. Həmişə dəyərlərimizə sahib çıxmalıyıq. Azərbaycan bu gün dünyaya təkcə neft və qaz ixrac etmir, həm də multikultural dəyərləri ixrac edir ki, çox millətli dövlətdə müxtəlif etnoslar necə yaşamalıdır, hansı prinsiplərə əməl etməlidir. Azərbaycanın multukultural təcrübəsini digər dövlətlər də öyrənməli, bundan faydalanmalıdır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Chosen
16
baki-xeber.com

1Sources