EN

Trampın Avropaya dair yeni strategiyası Zaxarovanı yaman həvəsləndirib...


ABŞ-ın Milli Təhlükəsizlik Strategiyasının yeni versiyasına dair Moskvadan verilən reaksiyalar ilk baxışdan pozitiv və konstruktiv kimi səslənsə də, əslində Kremlin geosiyasi gözləntilərinin və informasiya ritorikasının daha dərin qatlarını açır.

Mariya Zaxarovanın sənəddə ABŞ-ın xarici siyasət doktrina prinsiplərinin “yenidən nəzərdən keçirildiyi” barədə dedikləri real proseslərlə uyğunluqdan çox, Moskvanın Vaşinqtondan gözlədiyi xəyal edilən dönüşü əks etdirir. ABŞ təhlükəsizlik strategiyaları adətən sabit çərçivəyə malikdir: ABŞ-ın qlobal liderliyinin qorunması, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi, Rusiyanın və Çinin rəqib kimi təsviri, demokratiya-avtoritarizm qarşıdurması kontekstində özünüqoruma siyasəti və eləcə də enerji, kibertəhlükəsizlik və silahlara nəzarət məsələləri hər zaman sənədlərin əsasını təşkil edir. Vaşinqtonun bu prinsiplərdən geri çəkilməsi müşahidə edilmir. Zaxarovanın bəhs etdiyi dəyişikliklər əslində sənəddə yer alan bəzi diplomatik ifadələrin tonundakı yumşalmalardan ibarət ola bilər, lakin bu, mahiyyətin dəyişməsi deyil. ABŞ üçün Rusiya hələ də Avropa təhlükəsizliyinə təhdid yaradan aktordur və bu yanaşma strateji səviyyədə sabitdir.

Zaxarovanın “ABŞ-ın yeni strategiyası Avropanı ayıldacaq” deməsi Kremlin uzun müddətdir Qərb daxilində çatlar yaratmaq istəyi ilə bağlıdır. Moskva Avropanın ABŞ-dan asılılığını azaltmasını və “strateji avtonomiya”ya keçid etməsini arzulayır. Kremlin fikrincə, Avropa Ukrayna müharibəsinin yaratdığı iqtisadi və enerji yükü nəticəsində yorulub və buna görə də ABŞ-ın sərt xəttindən uzaqlaşmağa meyllidir. Lakin praktiki siyasi reallıq tam əksini göstərir: Avropanın müdafiə büdcələri yüksəlir, NATO genişlənir, Rusiya ilə sərhəddə hərbi infrastruktur güclənir, Şərqi Avropa ölkələri isə əvvəlkindən daha sərt mövqe tutur. Bu şəraitdə “Avropanın ayılması” iddiası daha çox Moskvanın arzuolunan ssenarisinə bənzəyir. Zaxarovanın fikrinin digər ünvanı ABŞ daxilindəki siyasi debatlarla bağlıdır. Moskva Vaşinqtondakı Ukrayna yardımı ilə bağlı fikir ayrılıqlarını Qərbin parçalanması kimi təqdim etməyə çalışır. Halbuki, ABŞ-da Ukraynaya dəstəyin forması ilə bağlı debatlar olsa da, Rusiyaya dair strateji qiymətləndirmə – Rusiyanın təhlükə olması və onu balanslaşdırma zərurəti – partiyalararası konsensus olaraq qalır.

Zaxarova yeni strategiyanın Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında “birgə səylər”ə dair müddəalar ehtiva etdiyini də vurğulayır. Bu iddianın əsasını diplomatik leksikada adətən rast gəlinən “dialoqa açıq olmaq”, “risklərin idarə edilməsi”, “strateji sabitlik kanallarının qorunması” kimi ifadələr təşkil edə bilər. Moskva uzun illərdir bu cür ümumi ifadələri özünün çəkindirmə strategiyasının diplomatik qələbəsi kimi təqdim etməyə çalışır. Lakin real mənzərə göstərir ki, ABŞ–Rusiya əməkdaşlığı yalnız məhdud texniki sahələrdə – strateji silahlara nəzarət, təsadüfi eskalasiya ehtimallarının qarşısının alınması, məhbus mübadiləsi və bəzən regional insidentlərin idarə olunması – çərçivəsində mümkündür. Ukrayna müharibəsi məsələsində Vaşinqtonun mövqeyi dəyişməyib: ABŞ sülhü yalnız Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkün hesab edir. Buna görə də Rusiyanın “birgə səylər” ifadəsini geniş interpretasiya etməsi siyasi manipulyasiya xarakteri daşıyır.

Moskvanın yeni ABŞ strategiyasından gözləntilərinin real əsası zəif görünür. ABŞ daxilində müəyyən siyasi qruplar və medial diskussiyalar olsa da, strateji səviyyədə Rusiya ilə rəqabətin davam edəcəyi və Rusiyanın Avropada balanslaşdırılması xəttinin əsas prinsip olaraq qalacağı aydındır. Avropanın ABŞ-dan uzaqlaşması və ya Rusiyaya münasibətdə yumşalma göstərməsi üçün hər hansı əsaslı tendensiya müşahidə edilmir. Üstəlik, Rusiya qlobal sistemdə daha zəif mövqedədir: iqtisadiyyatın daralması, texnoloji məhdudiyyətlər, Çinlə artan asılılıq və sanksiyaların uzunmüddətli təsiri Kremlin geosiyasi manevr imkanlarını xeyli azaldıb. Bu mənzərədə Zaxarovanın səsləndirdiyi optimist şərhlər diplomatik məzmundan çox, daxili auditoriyaya hesablanmış siyasi mesaj kimi görünür.

Nəticə etibarilə, ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında Rusiyanın təqdim etdiyi kimi fundamental dəyişiklik yoxdur və Moskvanın ümid etdiyi dönüşü göstərən real fakta rast gəlinmir. Zaxarovanın fikirləri daha çox Kremlin informasiya siyasətinin növbəti elementidir – Qərbin birlik görüntüsünün zədələnməsi, Avropanın ABŞ-dan uzaqlaşması və Rusiyanın diplomatik təcriddən çıxması ilə bağlı arzuolunan, lakin reallıqla uyğunlaşmayan ssenarinin ictimai diskursda saxlanılması cəhdidir.

Akif NƏSİRLİ

Chosen
8
baki-xeber.com

1Sources