EN

Təhsil sektorunun müdiri ilə orta məktəbin tarix müəllimi arasında təhqir qalmaqalı Məhkəmə hökm çıxardı

ain.az bildirir, Bizimyol portalına istinadən.

Beyləqan rayon Təhsil sektorunun müdiri Elvin Abbasov xüsusi ittiham qaydasında məhkəməyə verilib. Onun cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmədə iddia qaldırılıb.

Bizimyol.info xəbər verir ki, təhsil sektorunun cəzalandırılmasını tələb edən isə Beyləqandakı 1 saylı orta məktəbin tarix müəllimi Aynurə İmanovadır. O, sektor müdirinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb edir.

Şikayətçi məhkəmədə bildirib ki, Elvin Abbasova müraciət etmək üçün Beyləqan rayon Təhsil sektoruna gedib. Orada ondan işlədiyi məktəbin direktorundan şikayətlənib, onun haqqında tədbir görməsini istəyib: “Mənə dedi ki, “orada səndən başqa müəllim yoxdur?”. Cavab verdim ki, həyat yoldaşınız da müəllimdir, amma ona güzəşt edirlər. Elvin Abbasov dedi ki, “o, sənin tayındır?” Mən də əsəbiləşdim, dedim ki, “ondan 5 qat hörmətliyəm, nə olub mənə?” Bundan sonra aramızda mübahisə yarandı, üstümə qışqırdı. Mən çıxıb gedəndə arxamca gələrək, hamının yanında “rədd ol get burdan, bir də bura” dedi”.

Aynurə İmanova iddia edir ki, sektor müdiri onu başqalarının yanında təhqir edib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elvin Abbasov bildirib ki, həmin gün vətəndaş qəbulu vardı. Qəbulunda vətəndaş olduğu vaxt Aynurə İmanova gəlib. Kargüzar ona qəbulda başqa vətəndaşın olduğunu desə də, Aynurə İmanova kabinetə daxil olub: “Ona dəfələrlə izah elədim ki, yanımda vətəndaş var. Buna məhəl qoymadı, kobud şəkildə davranışlarını davam etdirdi. Həyat yoldaşımın adını çəkdi, qışqıra-qışqıra dedi ki, “ərizə yazmışam, cavab verilməyib”. Mən də ona bildirdim ki, “bütün müraciətlər aidiyyəti üzrə cavablandırılıb”. Qeyd elədim ki, hətta məktəb direktoru ilə arasında problemlər olanda da onları barışdırmağa çalışmışam”.

Sektor müdiri əlavə edib ki, müəllimin ünvanına təhqir xarakterli heç bir ifadə işlətməyib.

Məhkəmə də araşdırmalardan sonra belə nəticəyə gəlib ki, Təhsil sektorunun müdirinin müəllimi təhqir etməsi barədə iddia təsdiqini tapmır. Bu səbəbdən də Elvin Abbasovun haqqında bəraət hökmü çıxarılıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
bizimyol.info

1Sources