EN

Ulu Öndərin qurduğu Azərbaycan ən qüdrətli dövrünü yaşayır

Ölkəmizi və xalqımızı çətin sınaqlardan uğurla çıxaran, müstəqilliyimizin xilaskarı və dövlətçiliyimizin memarı olan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın ən uca zirvəsində dayanır. 

Ömrünü xalqına xidmətə həsr edən Ümummilli Lider XX əsrin son on illiyinin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycanı xaosdan sabitliyə, qeyri-müəyyənlikdən inkişafa, ümidsizlikdən gələcəyə aparan böyük yolun möhkəm təməllərini qoydu. Dahi liderin siyasi dühası, milli məfkurəni yenidən dirçəldən uzaqgörənliyi və qətiyyətli iradəsi xalqın ən çətin günlərində onun köməyinə çatdı. 

Heydər Əliyevin Azərbaycana rəhbərliyi illəri respublikamız üçün bir intibah, bir dirçəliş mərhələsi olub. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbər seçildikdə respublika iqtisadi durğunluq, idarəetmə boşluqları və sosial problemlərlə üzləşmişdi. Ümummilli Lider qısa müddətdə sistemli islahatlar həyata keçirərək sənaye, kənd təsərrüfatı və infrastruktur sahələrinə xüsusi diqqət ayırdı. Yeni müəssisələr tikildi, kadr hazırlığı gücləndirildi, idarəetmədə intizam və məsuliyyət əsas meyarlar olaraq qəbul edildi. Azərbaycan SSR həmin illərdə bir çox göstərici üzrə ittifaq miqyasında qabaqcıl respublikalardan birinə çevrildi. Dahi lider bu dövrdə tətbiq etdiyi idarəçilik prinsipləri ilə gələcək müstəqil dövlətçilik modelinin ilkin konturlarını müəyyənləşdirdi.

Elə bu səbəbdəndir ki, qədirbilən xalqımız 1990-cı illərin əvvəllərində üzləşdiyi ağır vəziyyətdə nicat yolunu siyasət meydanının nəhəngi Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə tapdı.  

Ağır siyasi böhran, Ermənistanın hərbi təcavüzü və iqtisadi tənəzzül fonunda Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkənin taleyini dəyişdi, onu inkişaf və tərəqqi yoluna çıxardı. Xaosun, silahlı qarşıdurmaların və separatçı meyillərin hökm sürdüyü bir zamanda Ümummilli Lider qətiyyətli siyasəti ilə Azərbaycanı parçalanma təhlükəsindən xilas etdi, qısa müddətdə sabitliyi bərpa etdi, dövlət institutlarını gücləndirdi və idarəetmə mexanizmlərini müasir tələblərə uyğun qurdu. 

Cari ildə qəbul olunmasının 30-cu ildönümünü qeyd etdiyimiz Konstitusiyanın işlənib hazırlanması, ordu quruculuğunda aparılan sistemli islahatlar, dövlət strukturlarının yenilənməsi və sosial proqramlar Azərbaycanın müstəqil, sabit və nümunəvi dövlət kimi formalaşmasının təməlini qoydu. 

Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi enerji strategiyası ölkəmizin davamlı və dayanıqlı inkişafında, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsində mühüm rol oynadı. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" Azərbaycanı dünya enerji xəritəsində əhəmiyyətli oyunçuya çevirdi. Ümummilli Liderin şəxsi nüfuzu və qətiyyətli mövqeyi sayəsində imzalanan sənəd Azərbaycanın çoxşaxəli enerji strategiyasının əsasını qoydu. Eyni zamanda Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələri məhz Ümummilli Liderin strateji müdrikliklə həyata keçirdiyi siyasətin təzahürləridir.

Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış və çoxşaxəli xarici siyasət konsepsiyası Azərbaycanın dünyaya inteqrasiyasını təmin etdi. Azərbaycan beynəlxalq təşkilatlarla, tərəfdaş ölkələrlə uğurlu və qarşılıqlı səmərəli münasibətlər qurdu. Ölkəmizin təşəbbüsü ilə regional əməkdaşlıq mexanizmləri yaradıldı. Bir sözlə, Ulu Öndərin xarici siyasət kursu ölkəmizin təhlükəsizlik imkanlarını artırdı, siyasi nüfuzunu yüksəltdi və Azərbaycanın postsovet məkanında nümunəvi dövlət modeli kimi tanınmasını təmin etdi.

Milli kimliyimizin, mədəni irsimizin qorunması və intellektual potensialın gücləndirilməsi Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin əsas prioritetlərindən idi. Ümummilli Lider xalqın mənəvi sərvətlərini, incəsənətini və ədəbi irsini qorumaq, təbliğ etmək üçün genişmiqyaslı tədbirlər həyata keçirdi. Xüsusən, təhsil və elm sahələrində nəhəng işlər görüldü, gənc nəslin inkişafına yönəlmiş strateji addımlar atıldı. 

Ulu Öndər xalqın sosial məsələlərini daim diqqətdə saxlayır, əhalinin rahat həyat şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atırdı. Ağır iqtisadi şəraitə baxmayaraq, sosial proqramlar həyata keçirilir, mühüm sosial məsələlər həllini tapırdı. Xüsusən məcburi köçkünlər, şəhid ailələri, müharibə veteranlarını narahat edən məsələlərin icrası xüsusi diqqətdə saxlanılırdı. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin humanist dövlətçilik fəlsəfəsinin, xalqa olan sevgisinin bariz nümunəsidir. Bu siyasət cəmiyyətdə dövlətə olan etimadı artırdı və sosial ədalətin təmin olunmasında strateji rol oynadı.

Ümummilli Liderin strateji düşüncəsi və uzaqgörənliyi üzərində inşa olunan müasir Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə inkişaf və tərəqqi yolunda inamla addımlayaraq, qüdrətli ölkəyə çevrildi. İqtisadi dayaqlarını gücləndirən, beynəlxalq mövqelərini möhkəmləndirən, qüdrətli orduya malik Azərbaycan tarixi zəfərlərə imza ataraq ərazi bütövlüyünü və dövlət suverenliyini öz gücü hesabına bərpa etdi. Bu gün Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi əsasında regionumuz sabitlik və əməkdaşlıq məkanına çevrilir. 

Böyük qürurla qeyd edirik ki, Ulu Öndərin möhkəm təməllərini qoyduğu Azərbaycan bu gün beynəlxalq arenada söz və nüfuz sahibinə çevrilib. Nəhəng qlobal layihələrin təşəbbüskarı və icraçısı olan Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən biridir. Dünyanın ən qüdrətli ölkələri Azərbaycana, onun lideri cənab İlham Əliyevə hörmət və ehtiramla yanaşır, ölkəmizin gücünü qəbul edir. 

Qədirbilən xalqımız Ulu Öndərin əziz xatirəsini əbədi olaraq qəlbində yaşadacaq, Ümummilli Liderimizin müəyyənləşdirdiyi inkişaf yolu ilə gedəcək, müdrik Prezidentinin rəhbərliyi ilə Azərbaycanın daha parlaq gələcəyini quracaq.

Şahin İSMAYILOV,

Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Chosen
91
50
azerbaijan-news.az

10Sources