EN

İş yoldaşının başına stəkanla vurub öldürən şirkət əməkdaşı: "Məni təhqir edib, təpiklə vurmağa və boğmağa çalışdı"

Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşının başından stəkanla vurub onu öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs kimi dindirilən Möhsün Abdullayev elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib və hadisənin başvermə şəraitindən danışıb.


Təqsirləndirilən şəxsin sözlərinə görə, o, 10 may 2025-ci il tarixdə, saat 08:00-dan 16:00-dək çalışdığı “Avrasiya İnşaat” ASC-də işdə olub: “Təxminən saat 15:00 radələrində zərərçəkmiş Bahadur Tağıyev məndən “kislorod” balonunu qarışdırmağı xahiş etdi. Mən isə bu işin təhlükəli olduğunu və vəzifə öhdəliklərimə daxil olmadığını deyərək bundan imtina etdim. Ardınca ərazidən uzaqlaşaraq zeytun ağacının altında siqaret çəkməyə getdim”.


Möhsün Abdullayev ifadəsində qeyd edib ki, iş şəraitindən narazılığına görə bir neçə dəfə rəhbərlikdə olan Mürvət adlı şəxsə könüllü işdən ayrılmaq istədiyini deyib: “Siqaretdən sonra geyim dəyişmə otağına keçdiyim vaxt zərərçəkmiş şəxs yanıma gələrək məni təhqir etməyə, daha sonra təpiklə vurmağa və boğmağa çalışdı. Bu zaman özümü müdafiə etdim, onu öldürmək niyyətim yox idi”.


O, ittiham aktında göstərilən kimi dörd dəfə yox, bir dəfə gildən hazırlanmış stəkanla Bahadura vurduğunu, nəticədə zərərçəkmişin başından az miqdarda qan gəldiyini görərək geri çəkildiyini bildirib. Həmçinin zərərçəkmişin baş nahiyəsində əvvəldən də kəsik izlərinin olduğunu qeyd edib.


Təqsirləndirilən şəxs vurğulayıb ki, təxminən bir saat sonra zərərçəkmiş şəxs ona yaxınlaşaraq özünü pis hiss etdiyini bildirib və siqaret istəyib: “Ona təcili tibbi yardıma zəng etməyi təklif etsəm də, Bahadur buna ehtiyac olmadığını dedi. Daha sonra iş yoldaşım Elmanın telefonu ilə təcili yardım çağırdım, lakin həkimlər gələnədək Bahadur artıq həyatını itirdi”.


O, baş verənlər barədə əvvəlcə Mürvət adlı rəhbərliyə məlumat verdiyini, həmin şəxsin ona heç kimə heç nə demədən gözləməyi tapşırdığını da vurğulayıb.


Məhkəmədə suallara cavabında Möhsün Abdullayev hadisə zamanı spirtli içki qəbul etmədiyini, zərərçəkmişin onu “kislorod” balonu ilə bağlı məsələ üzündən təhqir etdiyini, boğmağa çalışdığını, buna görə özünü müdafiə etdiyini deyib. O həmçinin bildirib ki, hadisə zamanı Tofiq və İlqar adlı işçilər də orada olub və vəziyyətə müdaxilə ediblər.


İttihama görə, Möhsün Abdullayev mübahisə zəminində masanın üzərində olan stəkanla Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Sonra yumruqla ona zərbələr vurub. Bahadur Tağıyev aldığı xəsarətlərdən dünyasını dəyişib.


Hökmə əsasən, Möhsün Abdullayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: 55 yaşlı Möhsün Abdullayev 1997-ci ildə 8 il məhkum olunub. 

Kamal Məmmədov 

Tarix: 12 Dekabr 2025, 09:35   
Chosen
11
pravda.az

1Sources