EN

Dayanıqlı inkişaf hədəflərinə doğru

Azərbaycanda Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkənin daxili və xarici siyasətinin effektivliyinin artmasına davamlı töhfələr verir. Belə ki, Fond respublika daxilində təhsil, mədəniyyət, səhiyyə kimi sahələrdə çoxsaylı layihələr həyata keçirir və bununla da sosial siyasətin əhatə dairəsinin genişlənməsində mühüm rol oynayır.

Eyni zamanda, Fondun ayrı-ayrı ölkələrin müvafiq qürumları ilə əlaqələrini genişləndirməsi beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artmasına müsbət təsir göstərir.  Elə bu günlərdə Fondun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın Türkmənbaşı şəhərindəki “Avaza” Milli Turizm Zonasında “Müasir cəmiyyətdə qadınların rolu: Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq əməkdaşlığın inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.

Gender bərabərliyinin, davamlı inkişafın qlobal gündəminin təbliği

Hazırda dünya bir sıra ciddi çağırışlarla üz-üzədir. BMT-nin bəyan etdiyi Davamlı İnkişaaf Məqsədlərinə nail olunması böyük dərəcədə daha çox ölkənin bu çağırışları qarşılamağı hədəfləyən fəaliyyətlərə qoşulmasından və ümumi məqsədlərə töhfə vermələrindən asılıdır. Ötən il COP29 iqlim konfransına böyük uğurla ev sahibliyi etməklə  və substantiv nəticələrə nail olmaqla Azərbaycan qlobal çağırışlara son dərəcə həssas yanaşdığını növbəti dəfə təsdiqləmiş oldu.

Azərbaycan, həmçinin hazırda dünyada aktuallığı artan gender bərabərliyinin qorunmasına, müxtəlif sahələrdə qadınların rolunun artırılmasına güclü siyasi iradə nümayiş etdirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qatıldığı konfrans da qadınların rolunun gücləndirilməsi və davamlı inkişafın qlobal gündəminin təbliği sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirib.

Tədbirin açılışında çıxış edən Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva təşkil olunan konfransın humanizmə sadiqlik ideyasına əsaslanan təşəbbüslərin təşviqi baxımından səmərəli platforma olacağını bildirib. O, həmçinin qadınların sosial, siyasi və iqtisadi proseslərdə fəal iştirakının əhəmiyyətindən danışıb.

BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya bu il üç mühüm tarixin - Birləşmiş Millətlər Təşkilatının 80, Pekin Bəyannaməsinin 30 və Türkmənistanın daimi neytrallıq statusunun beynəlxalq səviyyədə tanınmasının 30 illik yubileylərinin qeyd edildiyini bildirib.

Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ölkələrində qadın hüquqlarının müdafiə edildiyini diqqətə çatdıraraq deyib ki, qızlar və qadınlar üçün pulsuz magistr proqramları, dünyanın aparıcı universitetlərində təhsil almaq üçün təqaüdlər təsis olunub. Hazırda xaricdə dövlət vəsaiti ilə təhsil alan tələbələrin 35 faizi qadınlardır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxışında qeyd edib ki, qadınların liderliyi, biliyi və təcrübəsi cəmiyyətin davamlı inkişafı üçün həlledici əhəmiyyətə malikdir. Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti, o cümlədən beynəlxalq layihələri barədə məlumat verərək bildirib: “Fond bir sıra ölkələrdə, eləcə də Çin, Gürcüstan, Misir, Rusiya, Rumıniya, Vyetnam və Niderlandda məktəblərin tikintisi və yenidən qurulması layihələri həyata keçirib. Pakistanda qızlar məktəbi və məktəb infrastrukturunun yenidən qurulması, eləcə də Keniya və Ruandada informasiya texnologiyaları avadanlığının təchizatı üzrə proqramlar icra edilib”. O, həmçinin Burkina-Faso, Mali, Niger və Hondurasdakı layihələrlə qızların təhsilinə və inkişafına dəstək göstərildiyini vurğulayıb. Qadınların müasir cəmiyyətdə xüsusi yer tutmalarından məmnunluğunu ifadə edən Fondun vitse-prezidenti onların ailə dəyərlərini və mədəni ənənələrin qoruyucusu olduqlarını deyib.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin elm, təhsil, səhiyyə, mədəniyyət və ekologiya kimi vacib sahələri əhatə etdiyini, ötən dövr ərzində bu istiqamətlərdə yerli və beynəlxalq layihələrin həyata keçirildiyini söyləyib. O, çıxışı zamanı ortaq dəyər olan Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə azalması probleminə də toxunaraq deyib: “Xəzərin səviyyəsinin azalması nərə balığı, qızıl balıq və suitilər kimi dəniz canlılarının həyatına ciddi təsir göstərir. Xəzər sularının çirklənməsi onların vəziyyətini ağırlaşdırmaqda davam edir. Bu, birlikdə mübarizə aparmalı olduğumuz qlobal problemdir və mən dənizimizi xilas edə biləcəyimizə inanıram”.

Konfrans işini panel iclaslarla davam etdirib.

Fondların birgə əməkdaşlığı dövlət siyasətinə töhfə verir

Son ilərdə Azərbaycanla Özbəkistan öz münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiblər. Ölkələrimiz arasında güclü siyasi dialoq qurulub və bu əsasda müxtəlif istiqamətləri əhatə edən əməkdaşlıq sürətlə genişlənir. Eyni zamanda, oxşar ənənələri, milli-mənəvi dəyərləri bölüşən cəmiyyətlərimizdə də qarşılıqlı əlaqələrin intensivləşməsinə böyük maraq var.

Bunun təsdiqi olaraq qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konfrans çərçivəsində Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva ilə görüşüb.

Görüş zamanı Azərbaycanla Özbəkistan arasında qarşılıqlı münasibətlər, o cümlədən Heydər Əliyev Fondu ilə Özbəkistanın “Zamin” Beynəlxalq İctimai Fondunun birgə əməkdaşlığının dövlətlərimizin yüksəksəviyyəli əlaqələrinə verdiyi töhfə vurğulanıb.

Türkmənistanda keçirilən beynəlxalq konfransın qadınların siyasi və iqtisadi həyata fəal cəlb olunmaları, çoxtərəfli dialoqun və tərəfdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Qadınların həyatımızın müxtəlif sahələrində, o cümlədən təhsil və səhiyyə sahələrindəki mövqelərinin gücləndirilməsinin davamlı inkişafın təmin edilməsi üçün vacibliyi qeyd olunub.

Mübariz ABDULLAYEV

1Sources