EN

İxrac boru kəmərlərində korroziyaya nəzarət təhlükəsizliyin əsasını təşkil edir

Bakı, 12 dekabr, AZƏRTAC

Əsas ixrac boru kəmərlərində korroziyaya nəzarət təhlükəsizliyi və bütövlüyünün təmin edilməsi üzrə proqramımızın əsasını təşkil edir. Neft ixracı üçün nəzərdə tutulan kəmərlərin ömrünün uzadılması iqtisadi fayda ilə yanaşı, itkilərin də qarşısını alır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) korroziya və katod mühafizəsi sahəsində inteqrasiya üzrə baş mühəndis Erkin Aksu deyib. O bildirib ki, “Risklərin idarə edilməsi yanaşması çərçivəsində katod mühafizəsi ölçmələri, xətt üzrə təftiş məlumatları və boru kəməri marşrutundakı torpağın növü nəzərə alınmaqla korroziya riski qiymətləndirilir. Bu məlumatlar əsasında riskin dərəcəsi formalaşdırılır ki, bu da baxış tələb edən sahələri və onların tezliyini müəyyən etməyə imkan verir. Belə yanaşma xərclərin optimallaşdırılmasına və aktivlərin xidmət müddətinin uzadılmasına kömək edir”, – deyən E. Aksu nəzərə çatdırıb ki, uzunməsafəli boru kəmərləri üçün əsas çağırışlar daxili və xarici korroziya, eləcə də örtüyün deqradasiyasıdır.

“Bu proseslərin vaxtında idarə olunmaması sızmalara, qəzalara, istehsalın dayandırılmasına, ekoloji problemlərə və ciddi maliyyə itkilərinə gətirib çıxara bilər. TANAP mühəndisləri örtük və katod mühafizəsi sistemlərinin işini mütəmadi olaraq izləyir, sahə ölçmələri və xarici baxışları əlaqələndirir, xətt üzrə təftiş məlumatlarını xarici korroziya və metal itkisi baxımından təhlil edirlər. Bütün nəticələr GIS platforması vasitəsilə rəqəmsal formatda izlənilir”, – deyə o qeyd edib. E. Aksu qeyd edib ki, bütün işlərin həyata keçirilməsində yeni texnologiyaların istifadəsi zəruridir. Bu texnoloji vasitələr zəif yerlərin tezliklə aşkarlanmasına və təmirinə imkan verir.

Chosen
24
2
azertag.az

3Sources