EN

Yunanıstan İsrail istehsalı PULS YARS-ların alınmasını təsdiqləyib

Yunanıstanın Milli Təhlükəsizlik Şurası İsraildən 691 milyon avro dəyərində 36 ədəd PULS yaylım atəşli reaktiv sistemin (YARS) alınmasına dair qərarı rəsmi şəkildə təsdiqləyib.

“Poliqon” “Kathimerini” nəşrinə istinadən xəbər verir ki, bu addım İsrail müdafiə sənayesinin Yunanıstan ərazisində uzunmüddətli və sabit şəkildə mövcudluğunun təmin edilməsini hədəfləyir.

Nəşr bildirib ki, bir hissəsi Yunanıstanda istehsal olunacaq PULS YARS-ların alınması (Yunanıstan müdafiə naziri Nikos Dendias yerli müdafiə sənayesinin ən azı 25%-lik iştirak şərtini vurğulayıb) daha geniş planla bağlıdır.

Bu plan hava hücumlarının qarşısını almaq üçün çoxsəviyyəli HHM infrastrukturu yaratmağı nəzərdə tutur. Buraya həm aviasiya və raket hücumları, həm də dronlar və digər pilotsuz platformalardan (UAV) qaynaqlanan təhdidlər daxildir.

Növbəti mərhələdə Afina İsrailin digər böyük müdafiə şirkətləri – IAI və “Rafael” ilə danışıqları daha da genişləndirəcək. Bu sistemlər müasir çoxqatlı hava hücumundan müdafiə şəbəkəsi olan “Axilles Qalxanı”nın əsasını təşkil edəcək.

Tərəflər arasında müzakirə olunan zenit-raket komplekslərinə (ZRK), şərq istehsalı OSA-AK və TOR-M1 sistemlərini əvəz etməsi nəzərdə tutulan “Spyder” və “Barak MX” HHM sistemləri daxildir. Bununla yanaşı, Afina ballistik və digər uzaq mənzilli raketlərin məhv edilməsi üçün nəzərdə tutulmuş “David’s Sling” sisteminin “Sky Capture” versiyasının alınmasını da müzakirə edir.

Nəşrin qeyd etdiyinə görə, Yunanıstanın İsrail sistemlərinə yönəlməsinin əsasən üç səbəbi var:

İsrail sistemlərinin avropalı rəqiblərlə müqayisədə daha rəqabətli qiymətə malik olması;

İsrail tərəfinin Yunanıstana texnologiya transferinə hazır olması;

İsrail şirkətlərinin Yunanıstan müdafiə sənayesi müəssisələrini satın alması nəticəsində tərəflər üçün miqyas iqtisadiyyatı yaradan birgə istehsal imkanlarının formalaşması.

Üçüncü məqamla əlaqədar olaraq, görünür ki, İsrail Yunanıstanı Avropa bazarına giriş nöqtəsi kimi görür (Rumıniya da İsraillə oxşar razılaşmalar bağlayıb).

Chosen
24
poliqon.az

1Sources