EN

İş icazəsi olmadan xarici ölkə vətəndaşını işə götürəni hansı cəza gözləyir?



Bir sıra hallarda qeyri-dövlət müəssisəsində xarici vətəndaşlar da ucuz işçi qüvvəsi olaraq işə götürülür. Bəziləri bunun qeyri-qanuni, bir digər qismi isə qanuni hesab edir. Bəs görəsən qanunvericlikdə bu necə təsbit olunur?

Hüquqşünas Əli İbrahimov Newscenter.az-a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, özəl müəssisə və ya qeyri-dövlət qurumu xarici ölkə vətəndaşını işə götürə bilər, lakin bunun üçün mütləq qanunda nəzərdə tutulmuş prosedurların yerinə yetirilməsi tələb olunur. Onun sözlərinə görə, xarici vətəndaşın ölkə ərazisində əmək fəaliyyəti həyata keçirməsi üçün ilk növbədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən iş icazəsinin mövcud olması şərtdir:

“İş icazəsi yalnız işəgötürənin müraciəti əsasında verilir, yəni xarici vətəndaşı işə cəlb etmək istəyən müəssisə əvvəlcə DMX-ə müraciət edərək həmin şəxsin ölkədə işləməsinə dair icazə almalıdır. İş icazəsi alınmadan əmək müqaviləsinin bağlanması və ya həmin şəxsin işə buraxılması qanunsuz sayılır və inzibati məsuliyyət yaradır. İş icazəsi tələbi Azərbaycanda müvəqqəti yaşayan vətəndaşlara şamil olunur. Daima yaşamaq icazəsi olan xaricilər, qaçqın statusu almış şəxslər və bəzi xüsusi kateqoriyaya daxil olanlar (beynəlxalq təşkilat əməkdaşları və s.) üçün əlavə iş icazəsi tələb olunmur. Lakin əksər hallarda, xüsusilə özəl sektor tərəfindən əmək fəaliyyəti üçün əcnəbilərin işə cəlb edilməsində icazə əsas şərtdir”.

Hüquqşünasın sözlrinə görə, əgər işəgötürən xarici ölkə vətəndaşını iş icazəsi almadan işə götürərsə, bu, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin uyğun olaraq ciddi qanun pozuntusu hesab olunur:

“Bu halda müəssisə də, vəzifəli şəxs də, hətta xarici vətəndaşın özü də inzibati məsuliyyət daşıyır. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti qanunsuz işləyən əcnəbinin ölkə ərazisindən çıxarılması barədə qərar qəbul edə və işəgötürənə həmin şəxsin əmək fəaliyyətinin dərhal dayandırılması ilə bağlı göstəriş verə bilər. Sadəcə əmək müqaviləsinin bağlanması kifayət etmir. Müəssisə əvvəlcə DMX-dən icazə almalı, daha sonra əmək müqaviləsini rəsmiləşdirməlidir. Əmək müqaviləsinin ƏMAS sisteminə daxil edilməsi və bütün tələblərə uyğun olaraq qeydiyyata alınması işəgötürənin məsuliyyətidir. Əgər xarici vətəndaş həm iş icazəsi olmadan, həm də əmək müqaviləsi bağlı olmadan işlədilirsə, cərimələr daha sərt tətbiq olunur və müəssisənin fəaliyyəti ilə bağlı əlavə yoxlamalar aparıla bilər. Beləliklə, özəl müəssisə və qeyri-dövlət qurumu tərəfindən xarici vətəndaşın işə götürülməsi tam qanunidir, lakin bu yalnız lazımi icazələr alındığı halda mümkündür. Əks təqdirdə, qanun pozuntusu baş verir və işəgötürən yüksək məbləğdə cərimə riskinə məruz qalır”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən media subyektlərindən biri xarici ölkə vətəndaşını iş icazəsi olmadan işə götürdüyü üçün müvafiq qurumlar tərəfindən cərimələnib.

Süleyman
Chosen
21
1
newscenter.az

2Sources