EN

Bakıda Azərbaycan Pediatriya Cəmiyyətinin IV Milli və II Beynəlxalq Pediatriya Konqresi işə başlayıb

Bakı, 12 dekabr, AZƏRTAC

Bakıda Azərbaycan Pediatriya Cəmiyyətinin təşkilatçılığı ilə IV Milli və II Beynəlxalq Pediatriya Konqresi öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında iştirakçılar Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Açılış mərasimində iştirakçılara Ümummilli Lider Heydər Əliyevin uşaqların sağlamlığı və gələcəyi ilə bağlı dərin qayğısını əks etdirən videoçarx təqdim olunub.

Ardınca Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev açılış nitqində cəmiyyətin son bir ildəki fəaliyyəti və görülən işlər haqqında məlumat verib. O həmçinin bu elmi platformanın artıq ənənəyə çevrildiyini, hər il yüzlərlə yerli və xarici mütəxəssisi bir araya gətirərək pediatriya elminin inkişafına töhfə verdiyini vurğulayıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov uşaqların sağlam böyüməsinin yalnız tibbi məsələ deyil, cəmiyyətin inkişafı, ölkəmizin gələcəyi, dövlətin strateji prioriteti olduğunu deyib. O qeyd edib ki, hər bir körpənin sağlamlığı bizim ümumi məsuliyyətimizdir. Bu istiqamətdə görülən işlər, yeni yanaşmalar, elmi yeniliklər və praktiki təcrübə mübadiləsi gələcək nəticələr üçün son dərəcə vacibdir. “Bugünkü konqres pediatriyada çağdaş problemlərin müzakirəsi, neonatal və uşaqlara yönəlik xidmətlərin təkmilləşdirilməsi, eləcə də müasir texnologiyaların tətbiqi baxımından mühüm platformadır. Əminəm ki, burada səsləndiriləcək tövsiyələr həm kliniki praktikaya, həm də ölkəmizin səhiyyə siyasətinə mühüm töhfə verəcək”,- deyə deputat vurğulayıb.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə səhiyyə sisteminin inkişafı üçün qoyulan möhkəm təməllərdın söz açıb: “Bu zəmin hələ də öz aktuallığını və vacibliyini qoruyub saxlayır. O dövrdə müəyyən edilən prioritetlər, yaradılan infrastruktur və atılan islahat addımları bu gün dövlətimizin səhiyyə siyasətinin sabit və dayanıqlı inkişaf modelini formalaşdıran əsas sütunlardan biridir. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin əyani göstəricisidir. Son illər ölkəmizdə səhiyyə sahəsində aparılan genişmiqyaslı islahatlar, beynəlxalq standartlara uyğun yeni tibbi müəssisələrin istifadəyə verilməsi, kadr hazırlığının keyfiyyətinin artırılması və ən müasir texnologiyaların tətbiqi bu inkişafın məntiqi davamıdır. Hər bir addımın əsasında isə vətəndaş sağlamlığının qorunması dayanır.

Bu prosesdə dövlət qurumları ilə yanaşı, səhiyyə profilli qeyri-hökumət təşkilatlarının da rolu xüsusi qeyd olunmalıdır. Onların maarifləndirmə fəaliyyətləri, ictimai nəzarətin gücləndirilməsi, tibbi biliklərin yayılması və sosial layihələrə verdiyi töhfələr ümumi işə böyük dəyər qatır”.

Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev konqresdə müzakirə olunacaq elmi nəticə, təqdimat və təkliflərin gələcəkdə qəbul olunacaq qərarların daha dəqiq və effektiv olmasına yardım edəcəyini deyib. O vurğulayıb ki, Səhiyyə Nazirliyi pediatriya xidmətlərinin davamlı şəkildə təkmilləşdirilməsini prioritet hesab edir və bu sahədə bütün tərəfdaşlarla sıx əməkdaşlığa böyük önəm verir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini Araz Nəsirov isə qeyd edib ki, uşaq sağlamlığı sahəsində atılan hər addım gələcəyin sağlam cəmiyyətinin qurulmasına yönəlib. “Son illər ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, xəstəxanaların idarəedilməsində yeni standartların formalaşdırılması və klinik protokolların vahid yanaşma ilə yenilənməsi nəticəsində pediatriya xidmətlərinin keyfiyyətində nəzərəçarpan dəyişikliklər baş verib”,- deyə o əlavə edib.

Daha sonra Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Əli Quliyev tərəfindən konqres çərçivəsində ölkə pediatriyasının inkişafına göstərdikləri dəstəyə görə bir sıra şəxslərə fəxri plaketlər təqdim olunub.

Qeyd edək ki, iki gün davam edəcək konqresdə çoxprofilli panel sessiyaları, yerli və xarici mütəxəssislərin elmi məruzələri, pediatriyanın aktual problemlərinə həsr olunmuş müzakirələr keçiriləcək.

Azərbaycan Pediatriya Cəmiyyəti ölkədə pediatriya elminin və uşaq sağlamlığının inkişafına xidmət edən aparıcı peşəkar təşkilatlardan biridir. Cəmiyyət mütəmadi olaraq yerli və beynəlxalq elmi tədbirlər keçirir, pediatrların peşəkar təkmilləşməsinə dəstək göstərir və uşaq sağlamlığı sahəsində elmi araşdırmaları təşviq edir.

Chosen
46
azertag.az

1Sources