EN

“Makine ve Kimya Azerbaijan” şirkəti rəsmi olaraq fəaliyyətə başlayıb

Cari ilin oktyabr ayında Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınan “Makine ve Kimya Azerbaijan” (MKA) şirkəti rəsmi olaraq fəaliyyətə başlayıb.

Bu barədə “Poliqon”a Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkətindən məlumat verilib.

Qeyd edək ki, qardaş Türkiyə Azərbaycanla hərbi və sənaye sahəsində əməkdaşlığı dərinləşdirməyə davam edir. Türkiyənin ən qədim müdafiə sənayesi şirkətlərindən biri olan “Makine ve Kimya Endüstrisi” iki ölkə arasındakı müdafiə və texnologiya əməkdaşlığını institusional səviyyəyə qaldıraraq Azərbaycanda “Makine ve Kimya Azerbaijan” (MKA) adlı yeni bir şirkət yaradıb. Azərbaycan Dövlət Vergi Xidməti MKA şirkətini oktayabr ayında qeydiyyata alıb.

Əsrlik təcrübəyə malik “Makine ve Kimya Endüstrisi”, yüksək texnologiyalı müdafiə sənayesi istehsal infrastrukturunu Azərbaycanda da quracaq. Hazırda MKE tərəfindən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC üçün patron istehsalı xəttinin qurulması davam edir. Texnologiya transferi ilə yaradılacaq yeni müəssisələrdə həm Türkiyə, həm də Azərbaycanın ehtiyac duyduğu müxtəlif növ müdafiə məhsulları istehsal olunacaq.

İki qardaş ölkə arasındakı əməkdaşlıq potensialını bir addım irəliyə aparacaq MKE-nin investisiya təşəbbüsü, uzun müddətdə Azərbaycanda əhəmiyyətli iş imkanları da təmin edəcək.

Səhmlərinin əksər hissəsi MKE-yə məxsus olan “Makine ve Kimya Azerbaijan” (MKA), MKE-nin Qafqaz və Mərkəzi Asiyaya açılan qapısı olacaq. Burada həyata keçiriləcək istehsal sayəsində Türk dövlətləri ilə yanaşı, dost və müttəfiq ölkələrin müdafiə sənayesi ehtiyaclarına da cavab veriləcək.

Qlobal addımları ilə hər sahədə izlənilən MKE, Azərbaycanda fəaliyyətə başlayan yeni şirkəti MKA ilə köklü markasını dünyaya tanıtmaqdan əlavə, Türkiyənin milli texnologiya təşəbbüsü vizyonu çərçivəsində də mühüm bir addım atmış olub.

Qətiyyətlə istehsal edən və dövrümüzün tələblərinə uyğun yeni müdafiə məhsullarını inkişaf etdirməyə davam edən “Makine ve Kimya Endüstrisi”, Türk mühəndislərinin imzasını daşıyan məhsullarını hazırda 5 qitədə 99 ölkəyə ixrac edir.

Chosen
29
poliqon.az

1Sources