1-ci Liqanın 10-cu turunda "Zaqatala"nı qəbul edən "Şəfa" meydanda 1:1 hesablı bərabərliklə ayrıldı. Xal itkisinə rəğmən, şəriksiz lider mövqeyində qalan Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə salayıb oyun barədə fikirlərini bölüşməsini xahiş etdik.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Oyuna nəzarət edən tərəf biz idik. Daha çox qol fürsətləri yaratmağımıza baxmayaraq, epizodları dəyərləndirə bilmədik. Qol fürsətlərini boşa verdinsə, qələbə qazanmaq daha da çətinləşir. Oyunun belə keçəcəyini gozləmirdim, düsünürdüm ki, rəqib daha çox irəli atılar, lakin digər rəqiblər kimi "Zaqatala" da daha çox müdafiə olunmağa üstünlük verdi. Qarşı tərəf qapananda işimiz bir qədər də cətinləşir. Qələbəni haqq edirdik. Futbolçularımız yaxşı oyun nümayiş etdirdilər. Qol buraxmağımızın səbəbi həmin dəqiqələrdə ard-arda lazımsız top itkilərinə yol verməyimiz idi. Bu məqam komandada əlavə stress yaratdı".
Nihat