EN

"QHT-lərin inkişafı Heydər Əliyevin dövlətçilik ideologiyasına söykənir"- QHT sədri

Ulu Öndər Heydər Əliyevin anım günündə onun Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və vətəndaş cəmiyyətinin formalaşması istiqamətində gördüyü böyük işlər dərin hörmət və ehtiramla xatırlanır.

Bu fikirləri “Qadın və Müasir Dünya” Sosial Xidmət Mərkəzinin rəhbəri Südabə Şirəliyeva QHT.az-a verdiyi açıqlamada bildirib. Südabə Şirəliyevanın sözlərinə görə, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik ideologiyası müasir Azərbaycanda ictimai institutların, o cümlədən qeyri-hökumət təşkilatlarının inkişafı üçün möhkəm ideya və dəyər bazası yaradıb:

"Ulu Öndər Heydər Əliyevin anım günü Azərbaycan xalqı üçün tariximizin ən dəyərli səhifələrindən birini yada salmaq, onun dövlətçilik ideologiyasına və ölkəmizin inkişafına verdiyi misilsiz töhfələri bir daha xatırlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti yalnız siyasi sistemin formalaşmasına deyil, eyni zamanda müasir vətəndaş cəmiyyətinin inkişafına da möhkəm təməl qoyub. Bu gün Azərbaycanda QHT-lərin rolu, fəaliyyət fəlsəfəsi və cəmiyyətə xidmət missiyası məhz bu ideoloji bazaya söykənir. Heydər Əliyevin idarəçilik məktəbi demokratik institutların formalaşması, ictimai təşkilatların yaradılması və onların fəaliyyətinə hüquqi zəminin möhkəmləndirilməsi istiqamətində sistemli və ardıcıl siyasət aparmışdır. Məhz bu dövrdə:

  • QHT-lərin hüquqi statusu və fəaliyyət prinsiplərini müəyyən edən qanunvericilik bazası yaradıldı;
  • ictimai təşəbbüslərin dəstəklənməsi üçün dövlət mexanizmləri formalaşdırıldı;
  • bölgələrdə sosial fəallığın və cəmiyyətin müxtəlif təbəqələrinin özünüifadə imkanlarının genişlənməsi üçün şərait yarandı.
  • Bu gün də QHT-lərin fəaliyyəti həmin ideologiyanın davamıdır — cəmiyyətə xidmət, insanlara dəstək və sosial rifahın gücləndirilməsi.

Şirvan bölgəsində QHT-lərin rolu və mövcud vəziyyətətə gəlincə QHT sədri bildirib ki, təəssüf ki, Şirvan zonasında qeydə alınmış QHT-lərin sayı çox azdır. Bu isə bölgədə sosial layihələrin həyata keçirilməsi, qadınların maarifləndirilməsi və müxtəlif sosial qrupların dəstəklənməsi sahəsində boşluqlar yaradır. Belə şəraitdə fəaliyyət göstərən QHT-lər həm böyük missiya daşıyır, həm də xüsusi sosial əhəmiyyət kəsb edir:

"Bizim təşkilat “Qadın və Müasir Dünya” SX Mərkəzi olaraq, uzun illərdir Şamaxı, Ağsu, Qobustan və İsmayıllı rayonlarının qadınları ilə mütəmadi görüşlər keçirir, onların sosial iştirakını, hüquqi biliklərini, iqtisadi imkanlarını artırmaq istiqamətində ardıcıl fəaliyyət göstəririk. Bu, yalnız təşkilatımızın missiyası deyil, həm də Ulu Öndərin müəyyən etdiyi insan mərkəzli dövlətçilik modelinin bölgələrdə təcəssümüdür. Heydər Əliyevin xatirəsi ilə bağlı şəxsi bir səhifə - Ulu Öndər Heydər Əliyevin adı bizim ailə üçün də dərin və xüsusi məna daşıyır. Bizim QHT –nin  fəllarından olan bacım Sürəyya Şirəliyeva məktəbi əlaçı bitirməsinə baxmayaraq, onun çağırışı ilə üzümçülük sahəsində fəaliyyətə başlamışdı. Ulu öndər Heydər Əliyev Şamaxıya səfərləri zamanı zəhmətkeşlərlə görüşərkən Sürəyya xanım görüçlərdə iştirak etmişdir".

O qeyd edib ki, bu görüşlər ailəmiz üçün böyük şərəf və qürur mənbəyidir və biz bu xatirələri həmişə böyük minnətdarlıq hissi ilə yad edirik. Bu şəxsi bağlarımız da Heydər Əliyevin xalqına necə yaxın olduğunu, sadə insanlarla ünsiyyətə necə dəyər verdiyini bir daha göstərir.

"Bu gün qeyri-hökumət təşkilatlarının üzərinə düşən əsas vəzifə Ulu Öndər Heydər Əliyevin qoyduğu təməl prinsipləri yaşatmaq və vətəndaş cəmiyyətinin inkişafına davamlı töhfə verməkdir. Bunun üçün QHT-lər:

sosial qrupların ehtiyaclarını araşdırmalı, onların inkişafına dəstək olmalı;

insan hüquqları, gender bərabərliyi, sosial rifah kimi sahələrdə maarifləndirmə aparmalı;

dövlət və cəmiyyət arasında körpü rolunu gücləndirməli;

bölgələrdə sosial fəallığı artırmalı;

yerli icmaların inkişafı üçün davamlı layihələr həyata keçirməlidirlər".

Sonda o vurğulayıb ki, təşkilatın əsas məqsədi Heydər Əliyevin yaratdığı dövlətçilik ideologiyasına uyğun şəkildə vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək, qadınların imkanlarının genişləndirilməsi və regionlarda sosial aktivliyin artırılmasına davamlı dəstək göstərməkdir.

"Heydər Əliyevin dövlətçilik ideologiyası bu gün də Azərbaycan cəmiyyətinin inkişafında başlıca istiqamətverici dəyər olaraq qalır. QHT-lərin fəaliyyəti isə bu ideologiyanın sosial müstəvidə davam etdirilməsi üçün mühüm mexanizmdir. Biz “Qadın və Müasir Dünya” Mərkəzi olaraq, bu missiyanı böyük məsuliyyət və qürurla daşıyır, Şirvan bölgəsində və bütün ölkədə qadınların və ailələrin rifahı naminə fəaliyyətimizi davam etdiririk".

Chosen
15
qht.az

1Sources