
2018–2022-ci illərdə İraqın prezidenti olan Barham Saleh BMT-nin Qaçqınlar üzrə yeni ali komissarı təyin edilir.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" təşkilatın daxili sənədinə istinadən məlumat yayıb.
BMT baş katibi Antonio Quterreşin 11 dekabr tarixli məktubuna əsasən, Saleh beşillik müddətə bu vəzifəyə gətirilir. O, 2026-cı il yanvarın 1-dən etibarən son 10 ildə komissarlığa rəhbərlik edən italyan Filippo Grandini əvəzləyəcək. Sənəddə qeyd olunur ki, bu təyinat ilkin xarakter daşıyır və BMT Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməlidir.
1960-cı ildə Süləmana şəhərində anadan olan Barham Saleh təhsilini Böyük Britaniyada alıb. O, 1970-ci illərdə Kürdüstan Yurdu Vətənpərvərlər Birliyinə qoşularaq Qərb ölkələri ilə əlaqələrə cavabdeh olub. 2001–2004-cü illərdə İraq Kürdüstanının Nazirlər Kabinetinə rəhbərlik edib, 2005-ci ildə ölkənin müvəqqəti hökumətində planlaşdırma naziri olub. 2006–2009-cu illərdə Nuri əl-Maliki kabinetində baş nazirin müavini, 2009–2011-ci illərdə isə Kürdüstan regional hökumətinin baş naziri vəzifəsində çalışıb.
2018-ci ildə parlamentdə keçirilən ikinci tur səsverməsi ilə İraq prezidenti seçilən Saleh, 2022-ci ildə ikinci dəfə namizədliyini irəli sürsə də, seçkilərdə məğlub olub.