EN

Gürcüstanın sığorta, rüsum, qaz və gömrük “oyunu” – Tbilisi-Bakı münasibətlərində yeni dövr…

Artıq heç kimin gözündən yayınmır ki, Gürcüstan Azərbaycanla qonşuluğa və strateji müttəfiqliyə yaraşmayan addımlar atır.

Yox, hələlik, Gürcüstanın azərbaycanlı vətəndaşlarına qarşı dövlət səviyyəsində baş verən ayrı seçkilikdən söhbət getmir. Son illər və aylar gürcü iqtidarının azərbaycanlılara və ermənilərə fərqli yanaşmasını hamımız görürük. Bu başqa bir söhbətin mövzusudur.

Amma məsələnin başqa bir tərəfi diqqətimizi də, qəzəbimizi də Gürcüstan sərhəddinə qədər sürüyür. Azərbaycanlı TIR sürücülərin həftələrlə, bəziləri isə aylarla sərhədi keçə bilmədiklərini elə onların etiraz dolu videolarından bilirik. Həmin məlumatlarda deyilir ki, gecikmələr əsasən Azərbaycan nömrəli TIR-lara tətbiq olunur — noyabrın əvvəllərində Batumi və Tbilisi gömrük məntəqələrində tütün məhsulları daşıyan azərbaycanlı yük maşınları 20 gündən artıq saxlanılıb və heç bir rəsmi izahat verilməyib. Digər ölkələrdən olan daşıyıcılar, o cümlədən Gürcüstan nömrəli yük maşınları isə daha sürətli və problemsiz buraxılır.

Bu Gürcüstan hökumətinin Bakıdakı “dostluq -qonşuluq ” çıxışını şübhə altına salmırmı?

Gürcüstan ona çörək verənə “kəllə atır”?

Hələ bu ilin oktyabrında Gürcüstan Milli Bankı məlumat verdi ki, 2025-ci ilin 3-cü rübündə turizm gəlirləri illik 6,6% artaraq 1,7 milyard ABŞ dolları təşkil edib. Ümumilikdə, 2025-ci ilin yanvar-sentyabr aylarında turizm gəlirləri 3,6 milyard ABŞ dolları (+5,1% illik) təşkil edib.

Hesabatda o da deyildi ki, faktiki məlumatlara əsasən, 2025-ci ildə turizm gəlirlərinin 4,6 milyard ABŞ dollarına çatacağını proqnozlaşdırırıq.

Həmin ərəfədə Gürcüstanın Milli Turizm Administrasiyası isə bildirdi ki, bu ilin ilk doqquz ayında Gürcüstan Azərbaycandan olan turistlərdən 169 milyon ABŞ dolları həcmində gəlir əldə edib.
Bir neçə gün öncə isə Gürcüstan 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək, ölkəyə yeni giriş qaydası tətbiq etdiyini bildirib .

Gürcüstan Milli Turizm Administrasiyasının məlumatına görə, ölkəyə daxil olan xarici vətəndaşların etibarlı tibbi sığortası olmalıdır.

Açıqlamada deyilir: “Minimum sığorta məbləği ən azı 30.000 lari (təxminən 12.000 dollar) olmalıdır. Sığortanın təmin edilməməsi sərhəddə girişin rədd edilməsinə və ya əlavə tələblərə səbəb ola bilər”.

Bir nüansı da xatırladaq: Deməli, bu ilin noyabrında Avropa Komissiyasının açıqlamasına əsasən, Gürcüstanın 2025-ci il üçün iqtisadi artım 7.3 faiz olub.

Bu rəqəm əvvəlki, yəni yaz proqnozu ilə müqayisədə 1.3 faiz bəndi artım deməkdir.

Əgər bu belədirsə, Gürcüstanda gömrük rüsumlarının artması nə deməkdir?

Bildiyiniz kimi, Gürcüstan üzərindən Azərbaycana gətirilən avtomobillərin qiyməti bahalaşacaq. Yəni, tranzit nömrə üçün rüsum 50 laridən 370 lariyə qaldırılır. Bu isə indiki hesabla 32 manat əvəzinə 233 manat deməkdir.

Bundan əlavə, avtomobillərin ekspertiza aktının hazırlanması da 100 laridən 180 lariyə, yəni 63 manatdan 113 manata qaldırılır. Eyni zamanda ixrac üçün gömrük bəyannaməsinin doldurulmasına görə ödəniş 130 laridən 200 lariyə qaldırılır ki, bu da təxminən 126 manat olacaq.

İqtisadçıların ənənəvi bir təklifi hər zaman diqqət mərkəzində olub: qazanc götürəcəyin sahəyə geniş meydan verilməli, daha həssas yanaşmalısan.
Amma deyəsən, Gürcüstanın başını bu il əldə etdiyi uğurlar möhkəm döndürüb. Qazanc əldə etdiyi sahəni qısıtlayır, həssas yanaşmanın əvəzinə onunla ticarət edənləri, varlandıranları dalana dirəyir.

Son olaraq: Bir neçə ildir ki, Rusiya və Gürcüstan mediası dövlət orqanlarına istinadən yazır ki, Gürcüstan Rusiyadan qaz idxalını artırıb. Dolayısı ilə Azərbaycandan idxalı azaldıb.

Hətta bu ilin yanvarında Gürcüstanın İqtisadiyyat Nazirliyi Rusiyadan təbii qaz alışının həcmini iki dəfə artıracağını gözlədiyini dedi.

2009-cu ildən bəri ilk dəfə Rusiya qazının Gürcüstana idxalı Azərbaycan qazının idxalını üstələyib.

“Sakstat” Milli Statistika Xidmətinin statistika apardığı 18 il ərzində Azərbaycandan qaz alışı həmişə əsas olub. Bu ilin birinci rübündə statistika dəyişdi. Məlum oldu ki, ölkə Rusiyadan 100,6 milyon dollar, Azərbaycandan isə 82,4 milyon dollar dəyərində mavi yanacaq alıb.

Qeyd edək ki, Azərbaycan Gürcüstan qaz tədarükünün 80 faizdən çoxunu təmin etməklə yanaşı, qonşu ölkəyə müqaviləyə əsasən qazı güzəştli qiymətlə satır.

Əntiqə Rəşid

 

Chosen
55
nocomment.az

1Sources