Azərbaycan Milli İstiqlal Patiyasının (AMİP) rəhbərliyi 2-6 dekabr 2025-cı il tarixlərində Vaşinqtonda Beynəlxalq Demokrat İttifaqının (BDİ) təşkilatçılığı ilə keçirilən “The IDU Forum 2025” tədbirində iştirakı barədə bəyanat yayıb.
“Cebheinfo.az”-a daxil olan bəyanatda deyilir:
“Forumun işində dünyanın müxtəlif ölkələrini təmsil edən 500 nəfərdən artıq nümayəndə, o cümlədən, sağ mərkəz yönlü partiyaların rəhbər heyətləri, hazırkı və sabiq dövlət və hökumət başçıları, nazirlər, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, həmçinin tanınmış beyin mərkəzlərinin nümayəndələri, dünyaca məşhur media təmsilçiləri, “Google” şirkətinin rəsmiləri iştirak ediblər.
Bu mötəbər tədbirdə AMİP-i partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə, beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə və Qadın təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil ediblər.
Forum yekunlaşandan sonrakı gün Beynəlxalq Demokrat İttifaqının növbəti İcraçı Toplantısı keçirilib. Yalnız BDİ-nin üzvü olan partiya rəhbərlərinin iştirak etdiyi toplantıda BDİ rəhbər strukturlarının ötən dövr ərzində fəaliyyətləri ilə bağlı ənənəvi hesabatı, həmçinin üzv ölkələrin məlumatları dinlənilmiş, üzvlüyə qəbul üçün edilən müraciətlərə baxılıb”.
Qeyd olunur ki, toplantının gündəliyinə AMİP-in təqdim etdiyi Qətnamə layihəsi də daxil edilib:
“Qətnamə layihəsində Qarabağ probleminin həllində ATƏT-in Minsk Qrupunun bacarıqsızlığı, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi və bununla da regionda dayanıqlı sülh və sabitliyə nail olunması, bu kontekstdə yeni reallıqların bərqərar olması fonunda Ermənistanın da suverenlik əldə etmək imkanlarının yaranması, Zəngəzur dəhlizinin açılmasının, eləcə də tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün mövcud əngəllərin aradan qaldırılmasının vacibliyi və digər məsələlər əks olunub.
BDİ sədri Stiven Harper tərəfindən toplantı iştirakçılarının diqqətinə çatdırılan qətnamə layihəsi yalnız EPP-ni təmsil edən bir nümayəndənin bitərəf qalması, digər nümayəndələrin isə hər birinin lehinə səs verməsi ilə qəbul olunub.
AMİP tərəfindən təqdim olunan Qətnamənin qəbulu ilə Beynəlxalq Demokrat İttifaqı növbəti dəfə Cənubi Qafqazda Azərbaycanın sülh səylərinə dəstəyini ifadə etmişdir. Qətnamənin tam mətni əlavə olunur. Beynəlxalq Demokrat İttifaqının Azərbaycan və Ermənistanla bağlı qəbul etdiyi Qətnamə ABŞ, Azərbaycan və Ermənistan arasında sülh istiqmətində gedən danışıqlar reqionda davamlı sülhün yaranmasına böyük ümidlər yaradır, Sovet İttifaqının dağılması ərəfəsində SSRİ “KQB”-si tərəfəndən yaradılmış Qarabağ münaqişəsi hər iki tərəfdən 10 minlərlə insanın ölümünə səbəb oldu və ATƏT-in Minsk Qrupu 25 ildən artıq bir zamanda münaqişənin həllinə nail ola bilmədi, 2020-ci ildə 44 günlük müharibə əsas məsələlər üzrə gedən danışıqları sürətləndirdi”.
Bildirilib ki, 30 ildən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası Ermənistana da Rusiya təsirinin azaldılmasına və öz suverenliyini gücləndirməyə imkan yaratdı:
“Tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasından sonra regionda davamlı sülhün bərqərar olunması üçün şərait yaranıb. 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında razılaşdırılmış sülh müqaviləsi şərtlərininin imzalanması baş tutdu.
Bunları nəzərə alaraq Beynəlxalq Demokrat İttifaqı bəyan edir:
- Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış sülh müqaviləsi şərtlərinin paraflanıb imzalanmasını regionun gələcək inkişafına və təhlükəsizliyinə xidmət edən addım kimi qəbul edir.
- “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin icrasına tezliklə başlanmasının regionun siyasi və iqtisadi inkişafında mühüm hadisə olacağına ümid edir.
- Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvana və Bakıya səfər edib müzakirələr aparılmasını uzunmüddətli sülhün yaranması və xalqlar arasında münasibətlərin normallaşdırılması üçün uğurlu addım kimi qəbul edir.
- Beynəlxalq Demokrat İttifaqı ümid edir ki Azərbaycan və Ermənistan arasında pozitiv notlar üzərində danışıqlar tezliklə uğurla yekunlaşacaq, Böyük sülh müqaviləsinin imzalanmasına mane olan bütün səbəblər aradan qaldırılacaq.
- Bu addımların nəticəsi olaraq Rusiyanın region dövlətlərini siyasi və iqtisadi təsir altına almaq niyyətlərinin qarşısı alınacaq.
- Nəhayət, bu problemin tezliklə həll olunması digər postsovet respublikalarında Rusiyanın yaradıb nəzrətində saxladağı milli etnik problemlərin həll olunması üçün stimul yaradacaq.

