EN

® “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib

Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu təşkil olunub. Əvvəlcə forum iştirakçıları və rəsmi qonaqlar Ulu Öndərin abidəsini ziyarət edib, dahi şəxsiyyətin büstü önünə gül çələngi və tər çiçək dəstələri düzüblər.

İştirakçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Ceyhun Məmmədov çıxış edərək dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə həyata keçirdiyi əvəzsiz xidmətlərdən, o cümlədən səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan, bu sahədə həyata keçirilən islahatlardan danışıb. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkəmizin regionun aparıcı dövlətinə çevrildiyi, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən bəhs olunub.

İdarə rəisi Ceyhun Məmmədov gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi hərəkatının bu gün Azərbaycanda da böyük könüllülük hərəkatına çevrildiyini vurğulayıb. Həmin hərəkata aktiv dəstək verən Dövlət Gömrük Komitəsinin könüllü gömrükçü dəstələrinin üzvlərinin qurumun müxtəlif strukturlarında təcrübə keçərək bilik və bacarıqlarını artırdıqları qeyd edilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov çıxış edərək zərərli vərdişlərlə mübarizədə könüllülərin rolu və onların cəmiyyətin sağlam həyat tərzinə yönəldilməsində apardığı maarifləndirici fəaliyyətin əhəmiyyətindən danışıblar.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev “Narkotik və psixotrop maddələrdən sui-istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, Mərkəzi Gömrük Hospitalının damar cərrahı Səbuhi Dadaşovun “Sağlamlıq və tütünçəkmə: Risklər, fəsadlar və profilaktika”, Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Hərəkətin gücü: Fiziki aktivliyin sağlamlığın qorunmasında və xəstəliklərin profilaktikasında rolu”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının həkim-psixiatrı Gülay Məmmədzadə “Z-nəslinin psixi sağlamlığının qorunması: Stres menecmenti və emosional sabitlik”, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin elmi-təcrübi tədris mütəxəssisi Şəhla Mirzəzadə “Ulu Öndərin könüllülük irsi – sağlam həyat tərzinin təbliğində könüllülüyün rolu” mövzularında çıxış ediblər.

Məruzəçilərin iştirakçılara mövzularla əlaqədar verdikləri suallara ən yaxşı cavab verənlərə hədiyyələr təqdim olunub.

Forumun yekununda Tibbi Xidmət İdarəsi könüllülərinin çəkdikləri videomaterial nümayiş etdirilib.

Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi

Chosen
45
2
azertag.az

3Sources