EN

“Süni intellekt tibbdə həkimi keçə bilərmi? – ŞƏRH

Süni intellektin tətbiqi hər sahəni əhatə edir və bu, bir çox peşələrin sıradan çıxacağı qorxusu yaradır. Elə buna görə də, süni intellektdən istifadənin tətbiqi ilə bağlı heç də hər kəs fərdi və müsbət yanaşma sərgiləmir. Bu sahələrdən biri də həkimlikdir.

Maraqlıdır, gələcəkdə süni intellektin həkim peşəsini əvəzləməsi mümkün ola bilərmi?

Məsələ ilə bağlı  NOCOMMENT.az-a terapevt Günay Lətifova danışıb:

“Texnologiyaların, o cümlədən süni intellektin inkişafı çox müsbət haldır. Biz həkimlər bu inkişafı heç bir halda mənfi qarşılamırıq. Sadəcə gələcəkdə, məsələn, 10 və ya 20 il sonra vəziyyətin necə dəyişəcəyini indidən proqnozlaşdırmaq çətindir. Ancaq düşünürəm ki, həkimi süni intellektin və ya robotun tam şəkildə əvəz etməsi mümkün deyil. Çünki biz hər bir insana fərdi şəkildə yanaşırıq. Robotlaşmış sistemlər isə standart prinsiplərlə işləyir. Halbuki insanlar müxtəlifdir. Dünyada neçə insan varsa, bir o qədər də fərqli orqanizm mövcuddur”.

Ekspert əlavə edib ki, bəzi müalicələr var ki, onları müəyyən qədər standartlaşdırmaq mümkündür:

“Məsələn, analiz nəticələrinə əsasən müəyyən protokol tətbiq etmək olar. Amma istər şəxsi təcrübəmdən, istərsə də həmkarlarımın fikrindən deyə bilərəm ki, tibbdə standart yanaşma anlayışı çox nisbidir. Süni intellekt nə qədər inkişaf etsə də, yalnız müəyyən sahələrdə, məsələn, maliyyə, iqtisadiyyat və ya tibbin texniki sahələrində köməkçi rol oynaya bilər. Amma insan orqanizminin fərdi xüsusiyyətlərini nəzərə alaraq, süni intellektin həkimi tam əvəz edə biləcəyini düşünmürəm”, – həkim vurğulayıb.

Chosen
30
nocomment.az

1Sources