EN

Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir təşkil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkədə sabitliyin təmin olunmasında və inkişafın təməlinin qoyulmasında misilsiz xidmətlərindən danışıb. O vurğulayıb ki, 1990-cı illərin əvvəllərində ölkəmiz ciddi iqtisadi və siyasi çətinliklər qarşısında qalmışdı. O ağır dövrdə Ulu Öndərin müdrik siyasəti və uzaqgörən idarəçiliyi sayəsində sabitlik bərpa olunub, Azərbaycan inkişaf yoluna qədəm qoyub. “Xarici müşahidəçilər də bildirirlər ki, Azərbaycandakı sabitlik bir çox Avropa ölkələrində mövcud deyil. Bu sabitliyin əsası Heydər Əliyev tərəfindən qoyulub və indi də davam edir”, - deyə O. Qasımov qeyd edib. O, həmçinin institut əməkdaşlarını qazanılmış elmi nailiyyətləri geniş ictimaiyyətə çatdırmaq və ölkənin elmi potensialını daha da tanıtmaq istiqamətində fəal olmağa çağırıb.

Tədbirdə Biomolekulların strukturu, dinamikası və funksiyası laboratoriyasının elmi işçisi Aidə Məmmədzadə qeyd edib ki, Heydər Əliyev yalnız siyasi lider deyil, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına, mədəniyyətin inkişafına və gənc nəsillərin əxlaqi dəyərləri əsasında tərbiyə olunmasına xüsusi önəm verən nadir şəxsiyyət olub. Ulu Öndər həmişə təhsilə xüsusi diqqət yetirib, bu sahədə strateji və uzunmüddətli islahatlar həyata keçirib. Onun təhsil siyasəti yalnız savadlı və bacarıqlı nəsillərin yetişdirilməsini deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasını, tarixi-mədəni irsin yaşadılmasını hədəfləyirdi.

Aidə Məmmədzadə, həmçinin vurğulayıb ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə sabitlik bərpa edilib, iqtisadiyyat və sosial sahələrdə inkişafın əsasları qoyulub. Ulu Öndər Azərbaycanın müstəqillik mübarizəsində, dövlətçilik ənənələrinin qorunmasında və gücləndirilməsində misilsiz xidmətlər göstərib, xalqın etimadını qazanıb.

Tədbirin yekununda çıxış edən Oktay Qasımov deyib: “Heydər Əliyevin qurduğu dövlətçilik ənənələri, strateji inkişaf konsepsiyası və sabitlik siyasəti gələcək nəsillərə yol göstərəcək dəyərli mirasdır. Biz bu mirası qoruyub saxlamaq, eləcə də inkişaf etdirmək məsuliyyətini daşıyırıq. Ulu Öndərin ideyaları və həyat yolu hər zaman bizi birləşdirən və istiqamətləndirən nümunə olacaq”.

Chosen
94
azertag.az

1Sources