Berlin, 12 dekabr, AZƏRTAC
Avropa Komissiyası 2026-2027-ci illər üçün “Horizon Europe” iş proqramını qəbul edib.
AZƏRTAC xəbər verir ki, ümumi dəyəri 14 milyard avro olan proqram Avropa İttifaqının (Aİ) elmi-tədqiqat və innovasiya sahəsində qlobal liderliyini möhkəmləndirməyi, həmçinin iqlim neytrallığı, süni intellektdən istifadənin genişləndirilməsi və dayanıqlılığın artırılması kimi strateji hədəfləri dəstəkləməyi qarşıya məqsəd qoyur. Yeni proqram çərçivəsində “Təmiz Sənaye Sazişi” təşəbbüsü üzrə 540 milyon avro qabaqcıl təmiz texnologiyaların kommersiyalaşmasına, enerji tutumlu sənayelərin dekarbonizasiyasına ayrılır. Süni intellektin elmi sahələrdə tətbiqinə dair çağırış üçün isə 90 milyon avro nəzərdə tutulub.
Proqram beynəlxalq tədqiqatçıların Avropaya cəlb olunmasını hədəfləyən “Choose Europe” təşəbbüsünə dəstək çərçivəsində Mariya Sklodovska-Küri təqaüdlərinə 50 milyon avro ayırır. Tədqiqat infrastrukturunun gücləndirilməsi üçün əlavə 50 milyon avro, elmi potensialı zəif olan bölgələrə aparıcı alimlərin cəlbi üçün isə 240 milyon avro vəsait ayrılacaq.
“Horizon Europe” Avropa İttifaqının 2021-2027-ci illəri əhatə edən əsas elmi-tədqiqat və innovasiya proqramıdır. Onun ümumi büdcəsi 93,5 milyard avrodur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin