EN

Azərbaycanlı alim Çində tədqiqat aparıb

AMEA-nın Gənclər Akademiyasının sədri Çində elmi ezamiyyətdə olub

Bakı, 12 dekabr, AZƏRTAC

AMEA-nın Gənclər Akademiyasının sədri kimya üzrə fəlsəfə doktoru, dosent Elmir Babayev Azərbaycan Elm Fondunun “15-ci Mobillik qrantı” çərçivəsində 1 ay müddətində Çinin Enerji Tədqiqatları İnstitutunda (SDERİ, Jinan, Şandun, Çin Xalq Respublikası) elmi ezamiyyətdə olub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Ezamiyyət çərçivəsində gənc alim Elmir Babayev sözügedən institutun Şandun Biokütlənin səmərəli çevrilməsi və istifadəsi üzrə əsas laboratoriyasında “Enerji və ətraf mühit qrupunda” çalışıb. Onun tədqiqatları hazırda aktual və yüksək əhəmiyyət kəsb edən liqninin katalitik zənginləşdirilməsi istiqamətində - “Biokütlənin yüksək dəyərli maddələrə katalitik çevrilməsinə” həsr olunub. Tədqiqatların həyata keçirildiyi laboratoriya məhsul davamlılığını təmin etmək və dövri bioiqtisadiyyata töhfə vermək üçün fundamental elm ilə sənaye tətbiqini birləşdirən mühüm innovasiya mərkəzidir. Burada əldə edilən elmi nəticələr təkcə elmi məqalələrlə deyil, həm də sənayeləri dəyişdirə biləcək texnologiya və proseslərin inkişafı ilə mühüm əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, kimya sənayesi üçün liqnin biokütlə əsaslı geniş çevrilmə imkanları vəd edir. Liqninin əsas mənbəyi kənd təsərrüfatı, ağac emalı, kağız və sellüloza sənayesinin tullantıları hesab olunur. Liqninin molekulyar quruluşu aromatik halqa, efir və C-C rabitələri ilə zəngindir. Düzgün seçilmiş kimyəvi çevrilmə metodu ilə liqnindən yüksəkdəyərli kimyəvi maddələr və yanacaq almaq mümkündür. Hazırda liqninin çox böyük hissəsi, təxminən 95 faizi sənayedə aşağı dəyərli yanacaq kimi yandırılır və yalnız 5 faizdən azı yüksəkdəyərli məhsulların alınması üçün istifadə edilir. Sellülozadan sonra ən çox yayılan təbii polimer olan liqnin illik kommersiya istehsalına görə milyonlarla ton təşkil edir. Onun bazar dəyəri artıq milyardlarla dolları keçib və yaxın onillikdə daha da artacağı gözlənilir.

Elmi ezamiyyə müddətində mürəkkəb aromatik biopolimer olan liqninin qiymətli fenol monomerlərinə depolimerləşməsi üçün səmərəli katalitik üsullar işlənib hazırlanıb, reaksiya çıxımının və seçiciliyinin artırılması üçün tədqiqatlar yerinə yetirilib. Reaksiyanın məqsədyönlü aparılması, yəni kənar reaksiyaların və repolimerləşməni minimuma endirərkən əsas liqnin rabitələrini (xüsusilə, β-O-4 rabitəsini) qırmaq üçün selektiv katalitik proseslərdən (məsələn, hidrogenoliz) istifadə olunub. Layihənin yerinə yetirilməsi zamanı alınan nəticələr liqnin kimyası və katalizi prosesində, xüsusən də depolimerləşmə zamanı rabitələrin qırılması mexanizmlərinə və reaktiv aralıq məhsulların sabitləşməsinə dair əsas anlayışları inkişaf etdirən elmi fundamental xarakterə malikdir. Praktiki olaraq liqnin katalitik depolimerləşməsi ilə aromatik monomerlərin alınması məhsul davamlılığını artırmağa və bioiqtisadiyyatın yaxşılaşdırılmasına xidmət edir. Alınan nəticələr həm də laboratoriyadan sənaye tətbiqinə yeni imkanlar formalaşdıra bilər. Beləliklə, katalitik depolimerləşmə yolu ilə liqninin zənginləşdirilməsi dairəvi bioiqtisadiyyatın yaradılması və fossil mənşəli aromatik maddələrdən asılılığın azaldılması istiqamətində mühüm addımdır və böyük praktiki əhəmiyyət kəsb edir. Yerli liqnin mənbələrindən (üzüm çubuqları, pambıq çöpü, oduncaq tullantıları) istifadə etməklə, tullantıların toplanması və emal infrastrukturunu qurmaqla kimya sənayesi üçün (Sumqayıt Texnologiyalar Parkı, Yüksək Texnologiyalar Parkı) fenollu monomer istehsalı texnologiyalarının inkişafında əhəmiyyətli irəliləyiş üçün tətbiq oluna bilər.

Eyni zamanda, Elmir Babayev səfər çərçivəsində burada baş tutan təqdimatında dinamik inkişaf edən Azərbaycan-Çin əlaqələrinə dair təqdimatla çıxış edərək, ölkəmiz haqqında məlumat verib, 90 illik qocaman tarixə malik Kataliz və Qeyri-üzvi Kimya İnstitutu barədə danışıb, 15 illik elmi fəaliyyəti barədə vacib məqamları vurğulayıb, həmçinin AMEA-nın nəzdində yeni formalaşmış Gənclər Akademiyası barədə danışıb və ötən 1 ay ərzində SDERİ-də olan fəaliyyətinin nəticələrinin hesabatını diqqətə çatdırıb. O, elmin sərhədsiz və ümumbəşəri mahiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Elm Fondu tərəfindən dəstəklənən bu səfər nəinki mühüm elmi nəticələrin əldə edilməsinə yol açıb, həmçinin qarşılıqlı elmi əməkdaşlığın möhkəmləndirilməsinə, yeni ideyalar və layihələrin təşəkkül tapmasına zəmin yaradıb.

Bu səfər Elmir Babayevin beynəlxalq elmi mühitdə artan fəallığının davamı olaraq daha öncəki LIKAT (Rostok, Almaniya) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya) kimi nüfuzlu elmi mərkəzlərdəki qısa və uzunmüddətli araşdırma təcrübələrinin məntiqi davamıdır. Gənc alimin apardığı fundamental tədqiqatlar gələcəkdə kimya və kataliz sahəsinin inkişafına töhfə verəcək.

 

Chosen
45
azertag.az

1Sources