“İnsan söz deyəndə birinci özünü göz önünə gətirər. Filan şeyi mənə, övladıma desələr, xoş gələr? Özünə rəva bilmədiyin sözü başqası üçün heç vaxt demə”.
İdman.Biz xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında Çempionlar Liqasının əsas mərhələsində “Ayaks”a məğlubiyyətdən sonra (2:4) “Qarabağ”ın ən çox tənqid olunan oyunçusu Nəriman Axundzadənin atası Əhməd Axundov deyib.
O, övladının ünvanına ən çox səslənən “adamı var” iddiasına da aydınlıq gətirib:
“And olsun Allaha, o uşaq ilk günlər “Qarabağ”da nə əziyyətlər çəkib. Mənim bəzən ona göndərməyə pulum olmayıb. 12 yaşından Nəriman Axundzadə Bakıda qalır. Ata-ana nəvazişi görməyib. O yaşda gəlib “Qarabağ”da uşaqların içinə düşdü. İmkanım olmadı ki, Bakıda ev tutam. Anasının yanında qalsın, yeməyini yesin, rahat yerdə yatsın.
“Qarabağ”ın akademiyasındaElnur müəllim çox dəstək olub. Amma valideyn qayğısını kim əvəz edə bilər? Onun kimi var? Dayısı, əmiləri Lənkəranda qalır. Hamısı kasıb insanlardır. Yerli camaat da yaxından tanıyır. Nəriman Axundzadəni tapşırmağa kimsə olmayıb.
Onun adamı kimdir? Onun adamı Allahdır. Allah istəyib gəlib “Qarabağ”a çıxıb. “Qarabağ”da bu gün də heç kimlə münasibətim yoxdur. Baş məşqçi Qurban Qurbanovla bu yaxınlarda iki dəqiqə söhbət etmək imkanım olub. Qurban Qurbanov bildirdi ki, yazılanlar Nəriman Axundzadəyə təsir etməməlidir, vəssalam”.
Ata sağlam tənqidə bir söz demədiyini, amma kütləvi şəkildə Nəriman Axundzadənin üzərinə gedilməsini, təhqir olunmasını başa düşə bilmədiyini sözlərinə əlavə edib:
“Tənqid eləməyə bir söz demirəm. Tənqid onun xeyrinədir. Amma artıq-əskik yazmaq olmaz axı. Ayıbdır. Biz hamımız azərbaycanlıyıq. Niyə eyni millət olduğumuz halda bir-birimizə bu cür münasibət bəsləyirik? Mahir Emreli də eyni yolu keçib. Bir vaxtlar ona qarşı da belə münasibət var idi.
Açığı, Nəriman Axundzadənin də xaricə getməyini istəyirəm. Özünə də demişəm. Təklifləri də olub. Xeyirlisi nədirsə, o da olsun. Əlbəttə, başverənlər mənim üçün çox çətindir. Amma mən azarkeşlərə nə deyə bilərəm? Mənə elə bir insan deyiləm ki, onlara kobud cavab verim. Allah onların da köməyi olsun. Haqqı nahaqqa vermək olmaz. Bir insanın üzərinə getmək düzgün deyil. Bütün komanda uduzub axı. Bir nəfərin üzərinə niyə düşsünlər ki? Bunu başa düşə bilmirəm. Nəriman Axundzadə kimə nə edib? Kimi söyüb, təhqir edib? Belə şey ola bilməz. Meydanda səhvi ola bilər, səhvsiz insan yoxdur. Qərəzli tənqid etmək, şəxsiyyətə toxunmaq olmaz”.
Ə. Axundov sonda oğlunun “Qarabağ”a keçməsinin belə asan olmadığını və bu işdə onun istedadlı olmasının və Rəşad Sadıqovun əməyini xüsusi qabardıb:
“Səkkiz yaşında “Xəzər Lənkəran”da futbola gedib. Onda “Xəzər”də ən balaca yaş qrupu 10 yaş idi. Toral Bayramovun olduğu qrup. Nəriman Axundzadə də onlarla məşq edirdi. Həmişə yaşıdlarından böyüklər ilə oynayıb.
“Xəzər Lənkəran” dağılandan sonra tək Nəriman Axundzadə yox, çox sayda uşağı Rəşad Sadıqov “Qarabağ”ın akademiyasına yoxlanışa apardı. Arasında Toral Bayramov da var idi. Əslində, “Qarabağ”da Nəriman Axundzadəyə qalmağa yer vermirdilər. Çünki Nəriman Axundzadənin yaşında uşaqların qalmağına yer yox idi. Amma istedadına görə Rəşad Sadıqovun təşəbbüsü ilə orada saxladılar, yer verdilər. “Qarabağ”da qalmasında Rəşad Sadıqovun böyük rolu olub”.