Coşur məzarında güllərdən dəniz -
Varaqlar üstündə qələm hönkürür,
Təkcə Azərbaycan qalmadı Sənsiz -
Öndər, yoxluğuna aləm hönkürür.
Cənnətin göylərin yeddi qatında,
Yerə zülmət çökər Günəş batanda,
Çox doğma olsa da zarafatın da -
Bu gün o da qoymur güləm, hönkürür.
Adın milyon-milyon sevən ürəkdə,
Çağırışın yumruqlu qolda, biləkdə,
Deyir qəbrin üstə bitən çiçək də -
“Düşünmə bəxtəvər güləm”, hönkürür.
Heyrət timsalıydı Səndəki dözüm,
Nur oldun içində alovun, közün,
Yaşıdım ixtiyar - gizlədir gözün,
İstəmir səbəbin biləm, hönkürür.
Öndər, Sənə görə belə güclüyük,
İndi iradəli ölkəyik, elik,
Olsa da hamıdan evimdə kiçik -
Çəkilib gizlinə nəvəm, hönkürür.
Coşur məzarında güllərdən dəniz -
Varaqlar üstündə qələm hönkürür,
Təkcə Azərbaycan qalmadı Sənsiz -
Öndər, yoxluğuna aləm hönkürür...
Vahid ƏZİZ,
Xalq şairi
12 dekabr 2003-cü il
***
Azadlıq allahı tək əyləşib öz yerində,
Yerin-göyün nuru var
peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir, polad çiynində Kəpəz,
Qoşqar boyda yük.
Dədə Heydər - Atatürk.
Dərin mavi gözləri sakit yanan od-ocaq,
Alovunda satqınlar yanacaq, kül olacaq.
Qaranlıqda işıqdır - o işığa yol açaq.
Məsləki varlığından böyükdür,
min qat böyük.
Böyüklük heykəlidir Dədə Heydər -
Atatürk!
Dörd tərəf qar-qiyamət, sərt qış...
o, güllü yazdır,
Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.
Dalğasında dönüklər ağ köpükdür,
boz köpük,
Dalğalanır nəhr tək Dədə Heydər - Atatürk.
Azərbaycan, Türkiyə... Daş qala -
qoşa səngər,
Bütün qasırğalara birləşməklə sinə gər.
Bu birlik qarşısında düşmən tük salacaq, tük...
Qucur iki sahili Dədə Heydər - Atatürk.
Xəlil Rza Ulutürk
***
Vətən oğlu, ata oldun bizə sən,
Ata kimi qayğımızı çəkirdin.
Şair kimi həssas idin sözə sən,
Danışıqda sözdən sözü çəkirdin.
Ölkə olduq sən arzuna çatanda,
Bir əlin od, bir əlin su olurdu.
Millət rahat xumarlanıb yatanda,
Yuxun bir an quş yuxusu olurdu.
Yurdumuzda şan-şöhrətli hər nə var
Yatmadığn günlər, aylar, illərdi;
Ziyarətə gəlir səni bu yollar...
Göz yaşımız məzarında güllərdi.
Sənin rəmzin Azərbaycan bayrağı,
Baş qoymağa, can verməyə hazırıq.
Dan ulduzum - yurdumuzun mayakı,
Şer də bir təsəllidir, yazırıq.
Adın-sanın yenilməz bir ordudu,
İndi odlar diyarının özüsən...
Azərbaycan Heydərlərin yurdudu,
Gələcəyə baxanların gözüsən.
Fikrət Qoca
***
Azərbaycan adını,
Azərbaycan xalqını,
Dünyaya tanıtdıran,
Heydər atamız oldu.
Sinəndə köz də yansa,
Dilində söz də yansa,
Qarşında kim dayansa,
Yaşa, ey odlar yurdu.
Tanrı sənə yetirib,
Heydər kimi bir oğlu.
Keşiyində dayanıb
Basılmaz, igid ordu.
Damarında türk qanı
Axan Heydər özüdür.
Bütün türk dünyasında,
Atatürklə özüdür.
Zəminə Bayramova
***
Heykəlinə baxıram
Rəhbər xəyala dalıb.
Çiçəklənən ölkəmiz
Ondan yadigar qalıb.
Səsini dinləyəndə
Güc gəlib qolumuza.
Zəkası günəş kimi
Nur səpib yolumuza.
Doğma Azərbaycanı
Gülüstana döndərib.
Hamımızın qəlbində
Heykəli var öndərin.
Rafiq Yusifoğlu
***
Xalqımızın fəxri, şanı,
Xatırlayım hansı anı?..
Dolanmısan bu dünyanı,
Heydər ata, Heydər baba!..
Vətənimi azad edən,
El qədrini daim bilən.
Torpağını qəlbən sevən
Heydər ata, Heydər baba!
Həm ümmansan, həm də Günəş,
Sübh çağının dan ulduzu.
Qəlbimizdə ən müqəddəs
Heydər ata, Heydər baba!
İlham təki oğlun vardır,
Ömür yolun bir bahardır,
Xalqın hər an bəxtiyardır,
Heydər ata, Heydər baba
Keçsə aylar, keçsə illər
Ürəklərdə qalacaqsan.
Arzuların çiçək açıb,
Yaşayacaq Azərbaycan!
Heydər ata, Heydər baba!
N. Laçınov
***
Gəlişinlə qurtulubdur bu vətən,
Sən oldun bu xalqa ümid və güvən.
Sən oldun dar gündə köməyə yetən,
Ulu bir sərkərdə, ulu bir öndər.
Ucaltdı hər yerdə bayrağımızı,
Yazdı tarixlərə ad- sanımızı.
Tanıtdı dünyada varlığımızı,
Ulu bir sərkərdə, ulu bir öndər.
Hara baxırsansa nişanələri,
Özündən sonrakı abidələri.
Bizləri tərk etmir xatirələri
Ulu bir sərkərdə, ulu bir öndər.
Qabil Ədalət
***
Bilirəm ki, dünənimiz bu günün
keçmişi deyil,
Hər dövürdə bir şəxsiyyət
tarixin vərdişi deyil,
Bir ölkəni xilas etmək bir insanın işi deyil,
Allah səni öz nurundan yaratmışdı
Heydər baba.
Gəlişilnə yoxa çıxdı mərmi yağış,
balta külək,
Gedişində ağlayırdı yerdə insan,
göydə mələk,
Hələ yanan ocaqların istiliyi varsa, demək,
Allah səni öz nurundan yaratmışdı
Heydər baba
Heydər dedim coşdu qələm,
cənnət-məkan oldu sinəm,
Heydər dedim susdu bulud,
güldü günəş, doldu sinəm,
Heydər adlı zirvələrə-haqqa
gedən yoldu sinəm,
Allah səni öz nurundan
yaratmışdı Heydər baba.
Bu torpağı, bu milləti canından da
çox sevirdin,
Ayağını basan yerdə-daş üstündə
gül bitirdin,
Özün getdin, öz xalqına özün kimi
oğul verdin,
Allah səni öz nurundan yaratmışdı
Heydər baba.
Yer topunun sir boxçası rəngsiz,
donsuz göylərdədir,
Xeyir-duan üstümüzdə,
ruhun sonsuz göylərdədir,
Göydən gəldin, göyə döndün,
yerin onsuz göylərdədir,
Allah səni öz nurundan yaratmışdı
Heydər baba.
Elşad Barat