ABŞ və Avropa liderləri Zelenskinin təşəbbüsü olacağı təqdirdə bu varianta açıqdır, təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda isə irəliləyiş var...
Poliqon xəbər verir ki, Axios nəşrinin yazdığına görə, mövcud hərbi-siyasi şəraitdə Ukraynada ərazi məsələləri üzrə referendumun keçirilməsi son dərəcə çətin proses olardı. Bununla belə, nəşrə danışan amerikalı rəsmi bildirib ki, əgər Ukrayna prezidenti Vladimir Zelenski belə bir səsvermə təşəbbüsü ilə çıxış etsə, Avropa liderləri bu ideyanı dəstəkləməyə hazırdır. Məlumata görə, bu mövqe cümə günü keçirilən virtual görüşdə ABŞ-dən olan danışıqlarçılar Stiv Uitkoff və Cared Kuşnerə çatdırılıb.
Ağ Ev nümayəndəsi qeyd edib ki, bu müzakirələr, eləcə də cümə axşamı baş tutan ABŞ–Ukrayna danışıqlarının son raundu kifayət qədər irəliləyiş nümayiş etdirib və bu da ABŞ prezidenti Donald Trampı Uitkoff və Kuşneri Avropaya göndərməyə razı salıb. Vaşinqton hesab edir ki, Avropa paytaxtlarında aparılacaq əlavə təmaslar sülh prosesi üçün mühüm siyasi zəmin yarada bilər.
Axiosun məlumatına görə, Ukraynanın ABŞ və Avropadan alacağı təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar da ciddi irəliləyiş mərhələsinə çatıb. Yüksək vəzifəli amerikalı rəsmi bildirib ki, Tramp administrasiyası Ukraynaya NATO-nun 5-ci maddəsi əsasında təhlükəsizlik zəmanətləri təqdim etməyə hazırdır. Bu zəmanətlərin Konqres tərəfindən təsdiqlənəcəyi və hüquqi baxımdan məcburi qüvvəyə malik olacağı vurğulanır.
Amerikalı rəsmi qeyd edib ki, Vaşinqton Kiyevə nə “boş çek” xarakterli, nə də formal təhlükəsizlik təminatı vermək niyyətindədir: ABŞ tərəfi kifayət qədər etibarlı, eyni zamanda siyasi və hüquqi mexanizmlərlə möhkəmləndirilmiş zəmanətlər üzərində işləyir və bu məsələni Konqresin səsverməsinə çıxarmağa hazırdır.
Poliqon.info