EN

Əmək bazarında yenilik –Distant iş üçün YENİ QAYDALAR

Müasir əmək bazarında texnologiyaların sürətli inkişafı və iş proseslərinin rəqəmsallaşması nəticəsində distant – məsafədən iş forması artıq lüks deyil, zərurətə çevrilib.

Bu model təkcə işçilərə rahatlıq və çeviklik təqdim etmir, eyni zamanda işəgötürənlər üçün də yeni imkanlar yaradır. Azərbaycan qanunvericiliyində də bu dəyişən reallığa adaptasiya olunmaq üçün ardıcıl addımlar atılır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında müzakirə olunan Əmək Məcəlləsinə dəyişikliklər bunun bariz nümunəsidir. Distant işin hüquqi çərçivələrinin yenilənməsi həm işçilərin hüquqlarının qorunması, həm də işəgötürənlərin məsuliyyətinin dəqiq müəyyən edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qanunvericiliyə təklif olunan dəyişikliklərə əsasən, Əmək Məcəlləsinin 4-cü maddəsinə edilən əlavə ilə distant işləyən işçilərin də ənənəvi işçilərlə eyni hüquqi təminatlara malik olması açıq şəkildə təsbit edilir. Bu, məsafədən iş formasının “ikinci dərəcəli” və ya “tamamlayıcı” iş modeli olmadığını, əksinə tamhüquqlu əmək münasibəti olduğunu hüquqi cəhətdən rəsmiləşdirir. Distant işçi də əmək hüquqlarının pozulması, iş vaxtının tənzimlənməsi, məzuniyyət hüququ, sosial sığorta təminatları və digər fundamental hüquqlar baxımından tam şəkildə qanunla müdafiə olunur. Əmək Məcəlləsinin 55-ci maddəsinə edilən dəyişiklik isə distant işin praktik təşkilini daha çevik və şəffaf edir. Distant işə dair əlavə əmək şərtləri məsələn, iş rejimi, texniki təminat, kommunikasiya qaydaları və nəticələrin ölçülməsi mexanizmləri tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsində müəyyən ediləcək. Bu yanaşma həm işçi, həm də işəgötürən üçün daha elastik mexanizm yaradır və hər bir əmək münasibətinə fərdi yanaşmanı mümkün edir.
Beynəlxalq təcrübə distant iş zamanı məsuliyyət bölgüsünün dəqiq qurulmasına xüsusi önəm verir. Burada əsas məsuliyyət işəgötürənin üzərində qalır, lakin bu məsuliyyət müəyyən çərçivədədir. Belə ki, bu, işəgötürən tərəfindən təqdim olunan avadanlığa görə, həmin avadanlığın təhlükəsiz istismar qaydalarının işçiyə yazılı şəkildə bildirilməsi şərti ilə məhdudlaşır.
Həmçinin buraya proqram təminatının düzgün işləməsinə, məlumatların mühafizəsi və kibertəhlükəsizliklə bağlı tələb olunan məlumatlandırmaya görə məsuliyyət də daxildir.
Ümumilikdə, distant işin əmək münasibətlərində yaratdığı yeni çağırışlar hüquqi tənzimləmələrdə də öz əksini tapmaqdadır. Təklif olunan dəyişikliklər həm işçinin hüquqlarının daha güclü qorunmasına, həm də işəgötürənin məsuliyyətinin daha dəqiq və real çərçivədə müəyyən olunmasına xidmət edir. Bu isə əmək bazarının müasirləşdirilməsi istiqamətində vacib addımdır.Distant iş artıq gündəlik həyatımızın bir parçasına çevrilib və görülən bu hüquqi addımlar həm biznes mühitinin rəqabət qabiliyyətini artıracaq, həm də işçilərin təhlükəsiz və ədalətli əmək şəraitinə çıxışını təmin edəcək.

Çinarə Ağayeva,
Biznes məsləhətçi

AzPost.az

Chosen
13
1
azpost.info

2Sources