EN

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib

Kiyev, 13 dekabr, AZƏRTAC

Ukraynanın “Kyiv Diplomatic” saytında 12 dekabr - Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi həmvətənimiz - hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevdir.

Məqalədə Azərbaycan xalqının həyatında bir çox əlamətdar hadisələrin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilir. Bildirilir ki, bu dahi, müdrik və qətiyyətli insanın liderliyi olmasaydı, gənc dövlətin taleyini təsəvvür etmək çətin olardı.

“1993-cü ildə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtması ilə Azərbaycanda həyatın bütün sahələrində kəskin dönüş baş verdi. Respublikada ictimai-siyasi sabitlik bərqərar edildi, parçalanma və dövlət çevrilişi təhlükəsi aradan qalxdı, ən əsası, Heydər Əliyev milli həmrəyliyə nail olmaqla öz doğma xalqını vahid ideologiya ətrafında birləşdirə, sabaha inam hissi aşılaya bildi. Heydər Əliyevin müstəqil və sabit dövlət quruculuğu istiqamətində atdığı addımlar sayəsində Azərbaycanın milli maraqlarının keşiyində durmağa qadir olan milli Ordu yaradıldı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması üçün əlindən gələni əsirgəmirdi”, - deyə məqalədə qeyd olunur.

Müəllif daha sonra yazır: “Ümummilli Lider Heydər Əliyev siyasi kursda davamlılığın möhkəm əsasını qoydu. Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi dirçəliş sahəsində gərgin əməyi nəticəsində Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olub. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Chosen
37
2
azertag.az

3Sources