EN

Kolumbiyada məktəb avtobusunun qəzaya uğraması faciə ilə nəticələnib

Şimal-qərb bölgəsində baş verən yol qəzasında azı 16 nəfər həlak olub, onlarla yaralı var...

Kolumbiyanın şimal-qərbində məktəb avtobusunun iştirakı ilə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində azı 16 nəfər həyatını itirib, təxminən 20 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Poliqon xəbər verir ki, bu barədə yerli El Tiempo qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Bello bələdiyyəsində yerləşən Liceo Antioqueño təhsil müəssisəsinin məzunlarını daşıyan turizm avtobusu idarəetməni itirərək yoldan çıxıb və dərin dərəyə yuvarlanıb. Qəza zamanı avtobusun salonunda müxtəlif məlumatlara əsasən 35–45 nəfər arasında sərnişin olub.

İlkin olaraq yerli mənbələr azı 16 nəfərin öldüyünü, 19 nəfərin yaralandığını bildirsə də, rəsmi qurumlar qurbanların yekun sayının hələ dəqiqləşdirilmədiyini açıqlayıb. Məlumata görə, çoxsaylı yaralılar təcili tibbi yardım vasitəsilə Seqoviya və Remedios şəhərlərinin xəstəxanalarına çatdırılıb.

Kolumbiyanın Milli Yol Təhlükəsizliyi Agentliyi hadisədən bir neçə saat sonra açıqlama yayaraq qəzanın səbəblərinin araşdırılması üçün səlahiyyətli qurumların istintaqa başladığını bildirib. Qurum eyni zamanda həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

Antiokiya departamentinin qubernatoru Andres Xulian Rendon sosial şəbəkələrdə paylaşım edərək avtobusun ekskursiyadan qayıdan lisey şagirdlərini daşıdığını təsdiqləyib və çoxsaylı ölən və yaralananların olduğunu açıqlayıb. Hadisə ölkə ictimaiyyətində geniş rezonans doğurub.

Poliqon.info

Chosen
121
poliqon.info

1Sources