EN

Rus gəncliyi məhvə doğru gedir: rəsmi araşdırma

Rusiyada gənclərin ictimai-siyasi fəallığı son dərəcə aşağı səviyyədədir. Bununla belə, aparılan araşdırmalar göstərir ki, gənclər siyasətə tam laqeyd deyillər – maraq mövcuddur, lakin hakimiyyətə və dövlət institutlarına inam kəskin şəkildə zəifləyib.
 
Moderator.az xəbər verir ki, bu nəticə Prezident Akademiyasının Dövlət Xidməti və İdarəetmə İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Federal Sosioloji Tədqiqat Mərkəzinin iki il davam edən araşdırması əsasında ortaya çıxıb.
 
Sosioloqların qənaətinə görə, mövcud vəziyyəti ağırlaşdıran əsas amil optimizm indeksinin aşağı düşməsi və gənclər arasında gələcəyə inamsızlığın geniş yayılmasıdır. Tədqiqat zamanı Rusiyada “baza dəyərlərinə sadiq qalan”, cəmiyyətin qəbul etdiyi sosial normalara uyğun şəkildə uğur qazanmağı hədəf seçən gənclərin payının da azaldığı müəyyən edilib. Bu isə gənclik mühitində mənəvi və dəyər böhranının dərinləşdiyini göstərir.
 
Araşdırma müəllifləri vurğulayırlar ki, Rusiyada həyata keçirilən gənclər siyasətinin ən ciddi problemi onun parçalanmış, sistemsiz və təsirsiz olmasıdır. Mütəxəssislərin fikrincə, dövlət gənclərlə ardıcıl və uzunmüddətli strategiya qura bilmir, nəticədə gənclər ictimai proseslərdən getdikcə daha çox uzaqlaşırlar.
 
Müzakirə iştirakçıları hesab edirlər ki, “dəyərlər” gənclərə məktəb dövründən yox, “uşaq beşiyindən etibarən” aşılanmalıdır. Bundan başqa, bəzi ekspertlər müəyyən rəqəmsal məhdudiyyətlərin tətbiqini zəruri sayır, eləcə də sovet dövrünün komsomoluna bənzər bir mexanizmin yaradılmasını təklif edirlər. Məqsəd isə ambisiyası zəif, pessimist ovqatda olan və ictimai proseslərdən kənarda qalan gəncliyi yenidən dövlət nəzarətində olan ictimai həyata cəlb etməkdir. /Musavat.com/
 
Chosen
70
1
moderator.az

2Sources