2014-cü ildə Rusiya tərəfindən işğal edilən Krımda işğalçı administrasiya Baxçasarayda yerləşən 500 illik Krım tatar memarlıq şah əsəri olan Xan Sarayında aparılan sözdə "bərpa" işinin başa çatma tarixini bir daha təxirə salıb. Rusiyapərəst “ForPost” agentliyinin məlumatına görə, 2017-ci ildə başlayan işin indi yalnız 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Hafta.az yazır ki, işğal altındakı Krımda Rusiyanın sözdə mədəniyyət nazirinin müavini Olqa Vorobyova layihədə dəyişikliklər edildiyini açıqlayıb. Vorobyova daha qədim dövrlərdən qalan qalıqların və 18-ci əsrə aid hamamın aşkarlandığını, buna görə də "Əsas bina", "Xanlıq binası", "Xan mətbəxi" və "Bağ və park binaları"nda işlərin davam etdiyini bildirib. O bildirib ki, bu hissələrdə işlərin 2027-ci ilin dekabr ayında başa çatdırılması planlaşdırılırdı.
Bundan əvvəl Rusiyanın yerli administrasiyasının rəhbəri Sergey Aksyonov bərpa müddətinin 1 dekabr 2026-cı ilə qədər uzadılması barədə fərman imzalamışdı.