Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin dekabrın 15-də keçirilən iclasında Ermənistan məsələsinin müzakirə olunacağını açıqlayıb. Kallas bildirib ki, gələn il Ermənistanda keçiriləcək seçkilər ərəfəsində İrəvan xarici müdaxilələrin qarşısının alınması ilə bağlı Aİ-dən kömək istəyib.
Bu açıqlamanı News365.az-a şərh edən politoloq Turan Rzayev qeyd edib ki, Kaya Kallasın bəyanatı sıradan diplomatik mövqe deyil, Aİ-nin Cənubi Qafqazda artan geosiyasi riskləri açıq şəkildə qəbul etdiyini göstərir.

Onun sözlərinə görə, Kallas daha əvvəl də 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın bu ölkədə dezinformasiya fəaliyyətlərini gücləndirdiyini iddia edib.
Politoloqun fikrincə, Ermənistan qarşıdan gələn seçkilər ərəfəsində xarici müdaxilə riskini real təhlükə kimi görür və bu narahatlıq əsaslıdır. Rusiya son dövrlər baş nazir Nikol Paşinyan hakimiyyətinin Qərbə yönəlmiş siyasətindən ciddi şəkildə narazıdır. Paşinyanın Aİ ilə siyasi yaxınlaşmanı dərinləşdirməsi, Moskvanın təhlükəsizlik sahəsindəki rolunu açıq şəkildə sorğulaması və ölkə daxilində kilsə və müxalifət dairələrinə qarşı atdığı addımlar Kremlin Cənubi Qafqazdakı ənənəvi təsir mexanizmlərinə zərbə kimi qiymətləndirilir.
Turan Rzayev bildirib ki, bu səbəbdən Rusiyanın Ermənistandakı seçkilərə müdaxilə ehtimalı yüksəkdir. Onun sözlərinə görə, Moskva ilk mərhələdə özünə loyal siyasi qüvvələrin hakimiyyətə gəlməsinə çalışacaq, bu mümkün olmazsa, seçkilərin legitimliyini şübhə altına almaq, kütləvi etirazları stimullaşdırmaq və ölkə daxilində siyasi qeyri-sabitlik yaratmaq ssenarisini işə sala bilər. Bu modelin postsovet məkanında dəfələrlə tətbiq olunduğu vurğulanıb.
Politoloq qeyd edib ki, məhz bu kontekstdə Avropa İttifaqının Ermənistana dəstəyi artırmaq istəyi anlaşılandır. Onun fikrincə, hazırkı mərhələdə Paşinyanın hakimiyyətdə qalması təkcə Ermənistan üçün deyil, həm də Aİ, Türkiyə və Azərbaycan üçün daha məqbul variant hesab olunur. Bu, Türkiyə ilə normallaşma prosesinin sürətlənməsi, Aİ ilə inteqrasiyanın dərinləşməsi və Azərbaycanla sülh danışıqlarının davam etdirilməsi perspektivlərini gücləndirə bilər.
Rzayev vurğulayıb ki, bu proseslərin reallaşması Rusiyanın Cənubi Qafqazdakı ənənəvi regional siyasətinin ciddi şəkildə zəifləməsi deməkdir. Məhz buna görə də Moskva prosesə müdaxilə etməyə çalışacaq. Kaya Kallasın açıqlaması isə Avropa səviyyəsində bu reallığın artıq qəbul edildiyini göstərir.
Politoloqun qənaətinə görə, Aİ-nin Ermənistana dəstəyi 2026-cı ilə doğru daha da artacaq və bu mövqe Rusiyanın mümkün təsir cəhdlərinə qarşı qabaqlayıcı siyasi mesaj xarakteri daşıyır.