Hindistanın paytaxtı Yeni Dehlinin üzərinə enən zəhərli hava buludu səbəbindən məktəblərdə dərslər dayandırılıb, işçilərin tikinti sahələrində çalışması qadağan edilib.
"Cebheinfo.az" xəbər verir ki, zəhərli bulud görmə məsafəsini bir neçə metrə qədər azaldıb. Hindistan əhalisi isə ehtiyat tədbiri olaraq üzlərini nəm parçalarla örtüb.
Şəhəri bürüyən duman digər ölkələri də həyəcan vəziyyətinə salıb. Sinqapur, Yeni Dehlidə olan vətəndaşlarını “qapalı məkanlarda qalmağa” çağırıb.
Eyni vaxtda duman səbəbindən təyyarə və gəmi reyslərində də gecikmələr yaşanıb. Zəhərli hava xüsusilə hamilə qadınlar, uşaqlar və yaşlı insanlar üçün ciddi risk yaradır.
Hindistanın paytaxtı uzun müddətdir ki, qış aylarında zəhərli hava buludu ilə yenidən üz-üzə qalır. Şəhərdə hava keyfiyyəti indeksi (AQI) Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 30 dəfədən çox yüksək ölçülüb.
3,5 AQI-dən yuxarı göstəricilər insan sağlamlığı üçün təhlükəli hesab olunur. Hökumətin SAFAR tətbiqinə görə, bazar ertəsi səhər saatlarında Yeni Dehlidə hava çirkliliyi orta hesabla 471 AQI səviyyəsində olub.
Rəsmilər çirklənməni sənaye tullantıları, soba istifadəsi və avtomobil egzoz qazları ilə əlaqələndirir. Temperaturun enməsi, küləyin zəif olması ilə yanaşı, qonşu ştatlarda anızların yandırılması da əsas səbəblər arasında göstərilir.
Bazar günü Hava Keyfiyyətinin İdarə Olunması Komissiyası ən yüksək həyəcan səviyyəsini tətbiq edib.Köhnə tip dizel yük maşınlarının şəhərə girişi qadağan olunub.